Pestisid, aqrokimyəvi maddə və bioloji preparatlar anbarlarda necə saxlanılmalı?
12 Noyabr 2021 00:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə pestisid, aqrokimyəvi maddə və bioloji preparatların anbarlarda saxlanma qaydası haqqındadır.
Pestisid, aqrokimyəvi maddə və bioloji preparatların anbarlarda saxlanma prosedurları sanitar-gigyenik və təhlükəsizlik qaydalarına ciddi riayət edilərək, norma və standartlara uyğun şəkildə həyata keçirilməlidir. Saxlanma zamanı yarana biləcək risk faktorlarının aradan qaldırılması və bitki mühafizə vasitələrinin keyfiyyətinin qorunub saxlanılması əsas şərtlərdəndir. Preparatların saxlanılması ətraf mühit, həmçinin anbar işçiləri, yaxınlıqda olan şəxslər, istehlakçılar və istifadəçilər üçün təhlükəsiz qaydada həyata keçirilməlidir. Saxlanma zamanı bu işi həyata keçirən məsul şəxs preparatların tətbiq qaydaları ilə yaxından tanış olmalı, onların xüsusiyyətləri, toksiklik dərəcəsi, məsarif norması, tətbiq edildiyi sahəyə insanların və ev heyvanlarının daxil olmasının məhdudlaşdırılması müddəti barədə dəqiq məlumat əldə etməlidir.
Preparatlar xüsusi tikilmiş və yaxud bu məqsədlə uyğunlaşdırılmış sanitar-gigiyena və təhlükəsizlik tələblərinə cavab verən qapısı qıfıllı, quru, normativ texniki sənəddə nəzərdə tutulan temperaturda saxlanılmalıdır. Onların saxlanma texnologiyası optimal əmək şəraiti yaratmalıdır. Anbarda olan preparatlar birbaşa günəş işığından, rütubətdən, çirklənmədən və mexaniki zədələrdən qorunmalıdır. Pestisidlər təyinatına (insektisidlər, fungisidlər, herbisidlər və s.), preparat formasına (maye və toz (dənəvər, səpələnən)) və təhlükə dərəcəsinə (yanğın və partlama təhlükəsinə) görə ayrı-ayrılıqda ştabellərdə, paletlərdə və ya rəflərdə saxlanılmalıdır. Plastik çəlləklərdə olan pestisidlər paletlərdə saxlanılmalı, sıraların sayı ikidən artıq olmamalıdır. Çənlər, çəlləklər və şüşə qablar perpendikulyar şəkildə yığılmalıdır. Metal balonlar xüsusi yastıqcıqlar olan şkaflarda və ya rəflərdə şaquli və ya üfüqi vəziyyətdə saxlanılmalıdır. Saxlanılan zəhərli kimyəvi maddənin qruplarını müəyyən etmək üçün taraların üzərində insektisid və akarasidlər üçün qara, fungisidlər üçün yaşıl, toxum dərmanlayıcılar üçün göy, defolyantlar üçün ağ, zoosidlər üçün sarı, herbisidlər üçün isə qırmızı zolaq çəkilməlidir. Tez alışma və yanıcı xüsusiyyətlərə malik olduğundan bəzi pestisidlər 23°C-dən yuxarı temperaturda saxlanıldıqda partlama baş verir. Bu məqsədlə pestisid saxlanılan anbarlarda termometr qoyulmalı, hər gün otağın temperaturu yoxlanılmalıdır. Anbarın havalandırılmasını mütəmadi tənzimləyən aspirator, həmçinin pestisidin növündən asılı olaraq, qaz sızmasını xəbər verən dedektor qoyulmalıdır. Otağın ölçüsündən asılı olaraq, yanğınsondürmə cihazı qoyulmalıdır. Anbarın xaricində və daxilində müxtəlif xəbərdarlıq loqoları tətbiq edilməlidir. Toksiki, tez alışan, partlayıcı, yanıcı xüsusiyyətləri yüksək olan pestisidlər qapalı dolabda saxlanılmalı və qapının üzərinə xəbərdarlıq loqosu asılmalıdır. Pestisidlər saxlanılan otağa daxil olan şəxs qoruyucu geyimlərdən, o cümlədən respiratordan mütləq istifadə etməlidir.
Bioloji preparatlar pestisidlərə nəzərən daha aşağı risk qrupuna daxildir və onların saxlanılması zamanı təhlükəsizlik qaydaları pestisidlərdə olduğu kimi həyata keçirilir.
Gübrələrin saxlanma anbarı birmərtəbəli, yanğına davamlı (beton, kərpic, polad və ya qır) materialdan tikilməli, mexaniki temperatur nəzarəti və havalandırma sistemi olmalıdır. Anbarın xaricində və daxilində müxtəlif xəbərdarlıq loqoları tətbiq edilməlidir.
Aqrokimyəvi maddələrin saxlanılması texniki şərtlərə və tələblərə uyğun qaydada həyata keçirilməlidir. Belə ki, gübrələr yağ, kəpək, taxıl, toxum, ot, saman çöpü kimi üzvi və alışqan materiallardan, xromat, sink, mis, nikel və kobalt birləşmələri kimi metal duzlardan, sönmüş əhəng, sement və metal şlak kimi yüksək qələvi materiallardan, xlorid, kükürd turşuları, kalium xlorid, ammonium sulfat və natrium xlorid kimi maddələrdən qorunaraq saxlanılmalıdır. Həmçinin soba, lampa, elektrik kabelləri, normadan artıq isinmiş mexaniki avadanlıqlardan və ya qığılcım yarada biləcək birbaşa istilik mənbələrindən ayrı saxlanılmalıdır. Qablaşdırılmış aqrokimyəvi maddələrin saxlanılması zamanı isə döşəmə hamar, quru və düz səthə malik olmalı, su ilə təmasın qarşısının alınmasını minimuma endirmək məqsədilə döşəmə və tavanlar su sızdırmamalı, qapı açıq saxlanılmamalı, zərurət yaranarsa, paletlərdən istifadə edilməlidir. Gübrələr çirklənmənin qarşısının alınması məqsədilə su kanalları və ya sahə drenajından ən az 10 metr, quyulardan isə 50 metr məsafədə saxlanılmalıdır. Qablaşdırılmış aqrokimyəvi maddələr sütun və kirişlərdən, eləcə də divardan və digər növ gübrə yığınlarından ən az 1 metr məsafədə saxlanılmalıdır. Açıq havada saxlandıqda, kisələrə yığılmış gübrələr birbaşa günəş işığına məruz qalmamalı, kölgəli yerlərdə saxlanılmalıdır. Aqrokimyəvi maddələrin keyfiyyətinin qorunub saxlanılması üçün onlar 32°C-dən aşağı temperatur və havalandırma sistemi ilə təmin edilməlidir.