Pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydaları
12 Yanvar 2021 00:00
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzu " Pestisidlərdən istifadə zaman təhlükəsizlik qaydaları" haqqındadır.
Pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir. Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir. Pestisidlərin daşınması, tətbiqi və saxlanması təhlükəsiz qaydada həyata keçirilməlidir. Texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq riayət edildikdə pestisidlər ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, bitkilərin zərərli orqanizmlərini məhv etməklə itkinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətinin qorunub saxlanmasına səbəb olur.
Pestisidlərin tətbiqi mütləq təlimatına uyğun olaraq həyata keçirilməlidir. Bundan başqa, əkin sahələrinin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə səviyyəsi nəzərə alınmalıdır. Təlimatında nəzərdə tutulmuş istehlak nisbətlərini və onlardan istifadə dozalarını artırmaq və ya azaltmaq qadağandır. Həmçinin tətbiq edilərkən pestisidin xüsusiyyətinə, toksiklik dərəcəsinə, məsarif normasına diqqət yetirilməlidir.
Pestisidlər texniki təhlükəsizlik qaydaları və sanitariya-gigiyena tələbləri gözlənilməklə hermetik qablarda saxlanmalıdır. Eyni zamanda bu kimyəvi maddələr xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Ərzaq məhsulları, yem və sərnişinlərlə birlikdə daşınmasına yol verilməməlidir.
Kimyəvi mübarizə aparılacaq sahənin ətrafına “Sahə dərmanlanmışdır!”, “Sahə zəhərlidir!”, “Mal-qaranın buraxılması qəti qadağandır!” sözləri yazılmış müvafiq xəbərdaredici lövhələr vurulmalıdır. İnsanların və digər canlıların dərmanlanmış sahəyə daxil olması məhdudlaşdırılmalıdır.
Dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi şərtdir. Belə ki, pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda və yağışlı havada dərmanlama işi dayandırılmalıdır. Qeyd edək ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərinin səhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektiv nəticə verir. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki, torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazə verilən həddən artıq olmasın. Dərmanlamadan sonra da bir sıra təhlükəsizlik tədbirləri görülməlidir. Preparatın tətbiq təlimatına uyğun olaraq göstərilmiş müddətdə dərmanlanmış sahədə hər hansı aqrotexniki tədbirin aparılması, eləcə də 30 gün müddətində ərazidə mal-qaranın otarılması qadağandır. Arı yeşiklərinə yaxın sahələr isə axşam saatlarında bal arıları pətəyə daxil olduqdan sonra dərmanlanmalıdır. Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş günü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. 18 yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinə icazə verilməməlidir.
Pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusi geyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi şərtdir. Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Unutmayın ki, yüksək toksikiekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilə daxil olur. Pestisidlərlə zəhərlənmə zamanı ilkin olaraq baş gicəllənməsi, mədə bulanması, baş ağrıları kimi əlamətlər müşahidə olunur. Pestisidlərin təsirinə məruz qalan zaman zərərçəkən mütləq təmiz havalı yerə aparılmalı, üzərindən fərdi mühafizə vasitələri soyundurulmalı və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalıdır.
Zəhərli maddə ağız vasitəsilə təmas edibsə, bir neçə stəkan ilıq su və ya kalium permanqanatın zəif narıncı məhlulunu və yaxud 2 %-li çay sodası məhlulu içirdilərək, udlağın arxa divarını barmaqla qıcıqlandıraraq zərərçəkmiş qusmağa məcbur edilməlidir. Qusmadan sonra zərərçəkən 0.5 l - 1l su ilə 5-6 karbolen həbi və ya aktivləşdirilmiş kömür (0.5 stəkan suya bir xörək qaşığı) qəbul etməlidir. Daha sonra işlətmə duzu məhlulu (yarım stəkan suya 20 qr. MgSO4) vermək lazımdır. Bu vasitə ilə həm mədə, həm də bağırsaqlar təmizlənir. Yuxarı tənəffüs yollarının qıcıqlanması zamanı isə boğaz 2 %-li çay sodasının ilıq məhlulu ilə qarqara edilməlidir. Pestisid dəri üzərinə düşdüyü zaman onu silmədən pambıq və ya parça ilə ehtiyatla götürüb, yerini sabunlu su və ya 2 %-li çay sodası ilə yumaq məsləhətdir. Gözə düşdüyü zaman isə ilkin tibbi yardım olaraq göz qapağını açıq saxlamaqla 10-15 dəqiqə müddətində axar su ilə davamlı yumaq lazımdır. Xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin effektivliyini artırmaq məqsədilə pestisidləri tətbiq edərkən işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarət etməlidirlər.