Pomidor güvəsinə qarşı mübarizə üsulları
17 May 2021 00:00
1917-ci ildə Cənubi Amerikada aşkar edilmiş pomidor minalayıcı güvəsi (Tuta absoluta) hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Şimali Amerikada və Aralıq dənizi hövzəsi ölkələrində geniş yayılmışdır. Pomidor minalayıcı güvəsi Avropada ilk dəfə 2007-ci ildə İspaniyada, 2009-cu ildə Almaniya, İsrail, Çexiya, Hollandiya, Liviya, Albaniya, Yunanıstan, Fransa, İtaliya, Portuqaliya, Tunis, Böyük Britaniya, Suriya, İraq, İran, Rusiya və Türkiyə Respublikasında qeydə alınmışdır. 2011-ci ildə Belarusiyanın cənubunda, Ukraynada və Qazaxıstanda, 2014-2016-cı illərdə isə bir çox Afrika ölkəsində və Hindistanda aşkar edilmişdir. Afrika qitəsində ilk dəfə 2008-ci ildə Mərakeş və Tunisdə qeydə alınmışdır. Həmin ildən indiyə qədər Afrikanın 54 ölkəsindən 41 ölkəsində yayılmışdır. 2010-cu ildə Rusiyanın Krasnodar vilayətində pomidor istixanasından götürülmüş sürfə və kəpənək nümunələrinin Rusiya Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun müvafiq bölməsində pomidor minalayıcı güvəsinə aid olması təsdiqlənmişdir. Daha sonra 2019-cu ildə pomidor minalayıcı güvəsi E. N. Akulov tərfindən Cənubi Sibirdə qeydə alınmışdır.
Azərbaycanda isə bu zərərverici ilk dəfə 2010-cu ildə Abşeron rayonunda, 2013-cü ildən isə Gəncə və Gəncə ətrafı rayonlarda qeydə alınmışdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən bitkiçilik təsərrüfatlarında bu zərərvericiyə qarşı müasir metodlarla mübarizə tədbirləri həyata keçirilir.
Pomidor minalayıcı güvəsinin birbaşa fitosanitar riski istər daxili bazarda, istərsə də ixrac üçün pomidorun və zərərvericinin digər qida bitkilərinin (bibər, badımcan və s.) istehlak əhəmiyyətli tərəvəz bitkiləri olması ilə əlaqədardır. Yayılma arealının sərhədləri dəqiqləşdirildikdən sonra yayıldığı ərazilərdə karantin elan olunaraq təcrid və ləğvedici tədbirlərin aparılması, ocaqların tamamilə məhv edilməsinə və ya müəyyən ərazidə nəzarətdə saxlanılmasına səbəb ola bilər. Konkret ərazidə yayılması və ləğvedici tədbirlərin aparılması barədə beynəlxalq qurumlara məlumat verildiyi halda bitkiçilik məhsullarının ixracı zamanı bir sıra ölkələr, o cümlədən Avrasiya İqtisadi Birliyi tərəfindən idxal olunan məhsulun pomidor minalayıcı güvəsindən azad istehsal sahəsindən olması tələbi irəli sürülə bilər. Lakin karantin elan olunmaması, ocaqlarda təcrid və ləğvedici tədbirlərin aparılmaması zərərli orqanizmin sürətlə yayılmasına, kütləvi məhsul itikisinə səbəb olmaqla yanaşı, idxalçı ölkələrdə aşkar edildikdə Bitki karantini və Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın (IPPC) tələblərinə riayət edilməməsi kimi qiymətləndirilir.
Nəzərə almaq lazımdır ki, pomidor minalayıcı güvəsi açıq və örtülü şəraitdə becərilən pomidor bitkisinin başlıca zərərvericisidir. Sürfələri pomidor bitkisinin kökü istisna olmaqla bütün vegetativ və generativ orqanlarına ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, saplaq və gövdəyə girərək iki epidermis arasındakı parenxima toxuması ilə qidalanır. Sürfənin yarpaqda açdığı “minalar” və ya “lağımlar” geniş olub şəffaf boşluq kimi görünür. Tuta absoluta əsasən yetişməmiş meyvələrə üstünlük verir və meyvənin kasa yarpaqlarından içəriyə daxil olur. Zərərvericinin meyvədə açdığı “yollar” nizamsız olub, meyvənin hər tərəfində görünür. Belə meyvələr istehlak dəyərini itirir. Zədələnmiş toxumalar daha sonra nekrotik qəhvəyi rəngli ləkələrə çevrilərək quruyur.
Dünya ölkələrinin praktikasında başlıca olaraq zərərvericidən azad zona və ya azad istehsal sahələrinin yaradılmasına üstünlük verir. Lakin bu o halda mümkündür ki, zərərverici ölkənin həmin ərazisinə iqlim şərtlərinə görə uyğunlaşa bilməsin və ya yoluxmuş ərazi ilə azad zona arasında zərərvericinin yayılmasının qarşısını alan maneələr (məsələn, hündür dağlar, keçilməz meşələr, su hövzələri və s.) olsun. Bu hallar olmadıqda isə zərərvericidən azad istehsal yerlərinin yaradılması sistemindən istifadə edilir.