Pomidor meyvələrinin qonur qırışıqlıq virusu və mübarizə yolları
23 Oktyabr 2024 17:28
Pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilk dəfə 2014-cü ildə İsrailin cənubunda altı pomidor sahəsində aşkarlanıb. 2015-ci ildə İordaniyada pomidor istixanalarında qeydə alınıb, 2018-ci ildə Almaniya, İtaliya, İspaniya, Fransa kimi bir sıra Avropa ölkələrində yayıldığı haqqında məlumatlar verilib. Həmin il Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində pomidor sahələrində virusun əlamətləri müşahidə edilib və bunun ToBRFV (Tomato brown rugose fruit virus) olduğu laboratoriyada təsdiq edilib. Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna Asiya ölkələrində də rast gəlinib.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri Badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdir. Simptomlar ən çox bitkinin yuxarı yarpaqlarında inkişaf edir. Yarpaq ayasının müxtəlif deformasiyaları, yarpaq damarlarının saralması, ayanın uc hissəsinin daralması, yarpaq xlorozu virusun yaratdığı başlıca əlamətlərdəndir. Yoluxmuş meyvələrin səthində isə sarı ləkələr və ya qəhvəyi rugoz (qırışmış) ləkələr yaranır. Bəzən saplaqlarda nekrotik (qəhvəyi, ölü) lezyonlar əmələ gəlir. Meyvələr deformasiyaya uğrayır, qeyri-bərabər yetişmə müşahidə olunur (yetişən meyvədə zolaq və ya ləkə şəklində yaşıl hissələr olur). Yetişməmiş meyvələrdə isə tünd rəngli ləkələr əmələ gəlir. Yarpaqlar tədricən solur, saralır və bitki tamamilə məhv olur.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusu birbaşa və dolayı yolla yayılır. Birbaşa yayılma yolu toxum, torpaq, alaq otları vasitəsilə yayılmadır. Dolayı yayılma yolları isə əkin sahəsində istifadə edilən alətlər, işçilərin əli, paltarları və tozlandırıcı həşəratlardır. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu əkin və səpin materialı kimi idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun introduksiyasına zəmin yaradır.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun iqtisadi təsiri ilə bağlı (birbaşa və ya dolayı) rəqəmlərlə ifadə olunan konkret məlumat yoxdur. Lakin virusla yoluxmadan sonra onunla mübarizədə məlum kimyəvi maddələrin təsirsiz olduğunu nəzərə alsaq, iqtisadi itkinin böyük olduğunu qeyd edə bilərik. Bundan başqa, hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həddə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətini göstərməyən virusla yoluxmuş toxumların olmasını nəzərə alaraq, bütün pomidor və bibər toxumları idxal zamanı ToBRFV-yə görə laboratoriyada molekulyar səviyyədə yoxlanılır. Sonrakı mərhələ təmizlik və fiziki metodlara əsaslanan tədbirlərin yerinə yetirilməsidir. Yoluxmuş bitkilər məhv edildikdən sonra ardıcıl sanitariya tədbirləri həyata keçirilir. Substratlar və ya qida mühiti, qoruyucu geyimlər, alətlər və qabların virusun yayıldığı istehsal sahələrindən sağlam bitkilər olan ərazilərə aparılmaması, antivirus təsirli dezinfeksiyaedicilərlə əllərin, qabların, alətlərin və avadanlıqların dezinfeksiyası, istixananın girişinə dezinfeksiyaedici döşəklərin qoyulması, üzvi maddələrin qalıqlarını təmizləmək üçün istehsal müəssisəsinin ərazisinin su və yuyucu vasitələrlə təmizlənməsi tələb olunur. Virusla yoluxmuş sahələrdə ən azı bir il müddətinə əkin aparılmır və sahədə alaq otlarının olmamasına xüsusi nəzarət edilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə yoluxmuş istixanalardan tozlandırıcı arıların istifadəsi dayandırılır.