Qablaşdırma materiallarının qida məhsullarına təsiri
17 Aprel 2018 15:06
Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır.
Qida sənayesində, əsasən, plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materiallarından (süd məhsullarının və içkilərin saxlanılması üçün istifadə olunan tetra-pak qablaşdırma) istifadə olunur.
Düzgün seçilmiş qablaşdırma materialı təzə və emal olunmuş qidaların saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi və istehlakı dövründə keyfiyyətinin qorunub saxlanmasında vacib amildir. “Tarladan süfrəyədək” qida təhlükəsizliyi prinsipinin təmin olunmasında qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu vardır.
Bununla belə, qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər və yaxud da əksinə (məsələn, qablaşdırma materialının hazırlanmasında istifadə olunan boyaq maddəsi yağda həll olursa, yağlı məhsulların həmin qablaşdırma materialı ilə qablaşdırılması yolverilməzdir).
Qida ilə birbaşa təmasda olan qablaşdırma materialları üçün miqrasiya (nüfuz etmə) test analizləri edilməlidir. Bu analizlər nəticəsində təmas zamanı qablaşdırmanın tərkibindəki maddələrin qablaşdırılan qidanın rənginə, dadına, qoxusuna və kimyəvi xüsusiyyətlərinə nə dərəcədə mənfi təsir göstərə biləcəyi öncədən öyrənilir.
Qida məhsullarının qablaşdırıldığı qablaşdırma materialının üzərində həmin materialın qida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur:
Qida məhsullarının qablaşdırılması üçün bir çox qablaşdırma materialı vardır ki, onların təkrar istifadəsi qadağandır. Təkrar istifadəsi qadağan edilən qablaşdırma materialına Pet (Polietilen tereftalat) qablaşdırmanı misal göstərmək olar ki, bu qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr təkrar istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan oqranizmdə xərçəng, immun sisteminin funksiyasının zəifləməsi, hormonal pozğunluq və digər xəstəliklərin yaranma riski vardır .
Təəssüflə qeyd etməliyik ki, günümüzdə bəzi istehsalçılar təkrar istifadəsi qadağan olan materiallardan hazırlanmış qablaşdırmalardan müxtəlif məhsulların satışında (süd, bəhməz, üzüm yarpağı və s.) yararlanırlar.
Bundan başqa, elə qablaşdırma materialları vardır ki, onlar dondurulmuş məhsulların istifadəsi üçün nəzərdə tutulur və yaxud əksinə, elə materiallar vardır ki, onların mikrodalğalı sobada belə istifadəsi yolveriləndir. Qablaşdırma materialının üzərində qeyd olunan işarələrə diqqətsiz yanaşdıqda, məsələn, yüksək temperaturda istifadəsi uyğun olmayan qablaşdırma materialını sobada istifadə etdikdə, istilik təsirindən ərimə baş verir və qablaşdırmanın tərkibində olan kimyəvi maddələr qidaya təmas edir.
Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının düzgün seçilməsi sağlamlığımız üçün çox vacibdir. Hər bir istehlakçı məhsul alan zaman qablaşdırmaya diqqət yetirməlidir.
Oxşar xəbərlər
AQTA sədri Qoşqar Təhməzli Qəbələ Konserv Zavodunun fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda olub. Agentlik sədri istehsal sahələrinə baxış keçirib, xammalın qəbulu, emalı, istehsalat laboratoriyası, qablaşdırılması və saxlanılması mərhələləri ilə yaxından tanış olub, xammalın və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması prosesini izləyib. AQTA sədri ölkədə qida sənayesinin inkişafı, yerli istehsalın təşviqi və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması baxımından emal müəssisələrinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, epizootoloji vəziyyətin qiymətləndirilməsi və bioloji təhlükəsizliyin təmin olunması məqsədilə kompleks tədbirlər davam etdirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) tələblərinə uyğun olaraq, ölkənin xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması, dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə, “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”na və 2026-cı il üzrə epizootiya əleyhinə Tədbirlər Planına əsasən, 2026-cı ilin 13-17 və 20-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlara klinik baxış keçiriləcək, laborator müayinələrin aparılması məqsədilə hər növ üzrə 6-12 və 12-24 ay yaş qruplarına aid (son 4 ay ərzində brusellyoz xəstəliyinə qarşı peyvənd olunmamış) heyvanlardan diaqnostik nümunələr götürüləcək. Bununla yanaşı, arı ailələri və atlardan da müvafiq nümunələrin götürülməsi həyata keçiriləcək. Tədbirlər zamanı təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək, epizootoloji vəziyyətə dair məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, həmçinin işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər. Götürülən diaqnostik nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Monitorinqlər çərçivəsində əldə olunan epizootoloji vəziyyət və nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək. Həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə müasir baytarlıq xidmətlərinin təşkili, heyvanların identikləşdirilməsi, xəstəliklərdən azad zonaların yaradılması və heyvandarlığın inkişafının təmin edilməsinə mühüm töhfə verəcək.
Masallıda topdansatış anbarında mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.C.Talışxanov küçəsində fəaliyyət göstərən, Quliyeva Şəfa Nəcəfqulu qızına məxsus topdansatış anbarında plandankənar yoxlama keçirib. Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, anbarda “Stoliçnaya”, “Sevryuga” və “Organic Vodka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırma davam etdirilir.
Giriş