Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
4 İyul 2020 12:22

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində əvəzsiz rolu vardır. Belə ki, qablaşdırma məmulatı içərisində olan məhsulu qoruyur, anbarda saxlanmasını, daşınmasını və satışını asanlaşdırır, həmçinin müştərini məhsul barədə məlumatlandırır, məhsulun təmiz və təhlükəsiz şəraitdə daha uzun müddətdə saxlanmasına imkan yaradır.
Bəs görəsən, qablaşdırma məmulatlarının istehsalının tarixi, növü, qida məhsullarının keyfiyyətinə müsbət və mənfi təsiri barədə nə qədər məlumatlıyıq?
Qida və qeyri-qida məhsullarının qablaşdırılmasının tarixi qədim dövrlərə gedib çıxır. Qədim dövrlərdə qablaşdırmadan əsasən məhsulların saxlanması və daşınması üçün istifadə edilirdi. Qablaşdırma məmulatları ilk dövrlər kustar üsulla taxta, qamış, dəri, gil və digər materiallardan istifadə edilməklə hazırlansa da, sonralar əhəmiyyəti nəzərə alınaraq daha geniş çeşiddə və sənaye üsulu ilə istehsal olunmağa başladı. Qeyd edək ki, 18-ci əsrin sonuna qədər metal, kağız, şüşə və digər materiallar əsasında qablaşdırma məmulatlarının istehsalı artaraq kütləvi hal almışdır. Son 100 ildə bütün dünyada əksər qida məhsullarının saxlanması, daşınması və marketinqi qablaşdırılmış halda həyata keçirilməyə başlanmışdır. Hazırda plastik, metal, ağac, kağız, karton, şüşə, keramika əsasında və ya onların bir neçəsindən eyni zamanda istifadə edilməklə yüzlərlə çeşiddə qablaşdırma məmulatı istehsal olunur. Son illər bütün dünyada qablaşdırma materiallarının istehsal səviyyəsinin kəskin artması və istifadədən sonra həmin materialların tullantı şəklində təbiətə vurduğu zərər qlobal səviyyədə müzakirələrə səbəb olmuşdur.
Qablaşdırma məmulatlarının istehsalında istifadə edilən plastik materiallar ekoloji cəhətdən daha çirkləndirici xammal hesab edilir. Plastik tullantıların təbiətdə çürüyərək torpağa qarışması 10 illər ərzində baş verir. Həmçinin günəş şüalarının təsirindən plastik tullantıların təbiətə buraxdığı uçucu toksiki maddələr uzun illər atmosferə çirkləndirici təsir göstərir. Buna baxmayaraq, hazırda dünyada plastik qablaşdırma materiallarının istehsalı milyard tonlarla ölçülür. İstehsalının ucuz başa gəlməsi, asanlıqla təkrar emal edilməsi, geniş spektrdə və fərqli formalarda tətbiq edilə bilməsi onların geniş yayılmasına şərait yaradır. Son illərdə təbiətə vurduğu zərərin qarşısını almaq məqsədilə bir sıra dünya ölkələri plastik qablaşdırma məmulatlarının istehsalından mümkün qədər imtina edilməsi üçün qərarlar qəbul edir.
Qablaşdırma məmulatlarının ekologiyaya vurduğu zərərlə yanaşı, qida məhsullarının keyfiyyətinə də təsiri böyükdür. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət bilavasitə təmasda olduğu üçün onlardan qidanın tərkibinə zərərli maddələrin miqrasiyası mümkündür. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması son illərdə daha da aktuallaşdığı üçün bu sahədə geniş tədqiqatlar aparılır.
Elmi araşdırmalar nəticəsində bir sıra qablaşdırma materiallarının, o cümlədən plastik qablaşdırmaların məhsulların keyfiyyətinə təsir etdiyi, onların istehsalında istifadə edilən maddələrin bir qisminin qidanın tərkibinə miqrasiya etdiyi aşkar olunmuşdur. Məlum olmuşdur ki, sintetik xammaldan istifadə etməklə hazırlanan, xüsusən müxtəlif məqsədlər (sərtliyin və elastikliyin əldə edilməsi, müxtəlif rəngli məhsulların istehsal edilməsi və s.) üçün istehsal edilən qablaşdırma məhsullarından toksiki maddələr qidaya miqrasiya edir.
Qablaşdırma materiallarından qidanın tərkibinə miqrasiya edə bilən maddələrə ftalatlar, “Bisfenol A”, vinilxlorid, formaldehid, ağır metallar və onlarla digər maddələri misal göstərmək olar ki, bu maddələrin çox az səviyyəli qatılıqları insan orqanizminə mənfi təsir göstərə bilər. Belə ki, formaldehid, “Bisfenol A”, ftalatlar insanda daxili sekresiya vəzlərinin fəaliyyətində və endokrin sistemdə bir sıra pozuntuların yaranmasına, sinir sisteminə kəskin toksiki təsir göstərməsinə, eləcə də xərçəng riskinin artmasına gətirib çıxarır.
Bütün bunları nəzərə alaraq, hər bir istehlakçı məhsulu alarkən qablaşdırılmasına diqqət yetirməli, təbii xammaldan (şüşə, keramika, kağız və s.) hazırlanmış qablarda satılan qidaya daha çox üstünlük verməlidir.
Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də son illərdə keyfiyyətsiz qablaşdırma materiallarının istifadəsinin minimuma endirilməsi üçün bir sıra tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qablaşdırma materiallarında təhlükəsizlik göstəricilərinin təyini üzrə sınaqlar aparan ixtisaslaşmış xüsusi laboratoriyanın fəaliyyət göstərməsidir. Qeyd edilən laboratoriyada bütün növ qidaların qablaşdırma məmulatlarında miqrasiya sınaqları aparılır və həmin məhsulların istifadəyə yararlılığı, o cümlədən qida məhsullarının təhlükəsizliyi baxımından yararlılığı müəyyən edilir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyasının Qida və qida əlavələri bölməsinin rəhbəri Şiralı Zərbalıyev tərəfindən hazırlanıb.
Oxşar xəbərlər

AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. Jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-i isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək. “Azmeat” müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Vurğulanıb ki, işçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına baxış keçirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.