Qazlı içkilərin insan orqanizminə təsiri
24 Avqust 2021 00:00
Qazlı içkilərin insan orqanizminə təsiri
Dünyada ən çox satılan içkilərdən biri də qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Belə içkilərə su, şəkər (saxaroza, qlükoza və fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu və fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər və uzun müddətli saxlamaq üçün lazımi maddələr də daxildir. Bəs gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza necə təsir göstərir?
Qazlı-şəkərli içkilərin zərərləri:
Elmi araşdırmalar sübut edir ki, qazlı içkilərin istehlakı qidalanma və sağlamlıqla birbaşa əlaqəlidir. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı, obezlik ilə müşayiət edilir. Bəzi araşdırmalar isə bu tip içkilərin qəbulu zamanı çəki artımını gündəlik qəbul edilən enerjinin miqdarı ilə əlaqələndirirlər. Digər maraqlı fakt bundan ibarətdir ki, insanlar qazlı-şəkərli içkiləri qəbul edərkən eyni kaloriyə malik qidalara nisbətən daha az enerji qəbul edirlər. Bunun səbəbi isə onunla izah olunur ki, insan orqanizmi enerjini yeməkdən və içkidən müxtəlif yolla qəbul edir. Maraqlıdır ki, insanın qazlı-şəkərli içki və ya meyvə şirəsindən aldığı enerji dəyəri bərabərdir.
Qazlı içki istehlakı artıq çəki ilə müşahidə olunduğu kimi, bu içkilərdən imtina çəki kontrolunun nizamlanmasına gətirib çıxarır. Bundan başqa, qazlı içki qəbulunun diabetlə də əlaqəsi mövcuddur. Gündəlik olaraq 1-2 qab (250 ml) şəkərli içki qəbul edən şəxslərin 2-ci növ diabetdən əziyət çəkmə ehtimalları 26% daha çoxdur. Lakin bu içkilərin gündəlik istehlakını su, çay və ya qəhvə ilə əvəzləmək diabet riskini 2-10% azaldır.
Qazlı içkilərin qan-damar və sümüklə əlaqəli problemlərə səbəb olduğu da məlumdur. Davamlı olaraq qazlı-şəkərli içki qəbul edənlərin, bu tip içkiləri nadir hallarda qəbul edən insanlara nisbətən ürək problemləri ilə üzləşmə ehtimalı 20% daha çoxdur. Bundan başqa, eyni içkilərin tərkibində fosfat miqdarının çox olduğu və fosfatın kalsiumdan daha çox qəbulunun sümüklər üçün ziyanlı olduğu məlumdur. Bu kimi içkilərdə adətən kalsium kimi qidalandırıcı maddələrə rast gəlinmir. Kalsiumun sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alsaq, bu tip içkilərin gənclər tərəfindən istehlakının təşviq edilməsi yolverilməzdir. Belə ki, orqanizmdə fosfat kalsium balansının pozulması həmin istehlak qrupunda sümüklə əlaqəli problemlərə səbəb olur.
Bəzi sərinləşdirici içkilərin insanların ağız boşluğu sağlamlığına və ümumi səhhətinə zərərli təsir göstərdiyi fikri irəli sürülmüşdür. Bu içkilər çox vaxt yüksək şəkər və turşuluq tərkibinə malik olurlar. Hər qram şəkərdə 4 kalori olduğunu nəzərə alsaq, bu içkilərin yalnız əlavə kalori verdiyini, qida dəyəri baxımından isə faydasız olduğunu görə bilərik. Belə ki, qazlı-şəkərli içkilərdə orqanizmə lazım olan vitamin, mineral və liflərə rast gəlinmir. Bəzi dietik sərinləşdirici qazlı içkilərə şəkər əvəzinə süni dadlandırıcılar (şəkər əvəzediciləri) qatılır. Bu maddələr piylənmə və diş çürüməsi riskini azaltsa da, onların təhlükəsizliyi hələ də mübahisə mövzusudur. Çünki bu şəkər əvəzedicilərinin parçalanma məhsulu müxtəlif metabolik təsirlərə gətirib çıxarır. Bəzi tədqiqatlar süni şəkər alternativlərinin istehlakını piylənmə, limfoma, leykemiya, sidik kisəsi və beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheimer və autizm kimi xəstəliklərlə əlaqələndirir. Məsələn, şəkər əvəzedicilərindən aspartam və saxarinin potensial kanserogenik təsirləri araşdırılmışdır. Araşdırma zamanı bu kimyəvi birləşmələrin qəbulu həm erkək, həm də dişi siçanlarda beyin şişi və sidik kisəsi xərçəngi riskini artırmışdır. Hətta saxarinin istifadəsi bir müddət Kanada və ABŞ-da qadağan edilmiş, daha sonralar isə bu kimi təsdiq edilmiş bir sıra şəkər əlavələrinin normal doza daxilində qəbulunun heç bir sağlamlıq riski daşımadığı öyrənilmişdir.
Qazlı içkilərin faydaları:
Tərkibinə şəkər əlavə edilməyən karbonatlı içkilər orqanizm üçün faydalı da ola bilər. Belə içkilər, dietik sodalar diabet və çəki tənzimlənməsinə kömək edir, həmçinin fruktoza tərkibli içkilərdən fərqli olaraq dişlərin sağlamlığına hər hansı təhlükə törətmir.
Qazlı içkilərin faydalarını üç qrupa qruplaşdırmaq olar:
1. Karbohidratlarla zəngin olduğu üçün enerji mənbəyidir;
2. İzotonik içkilər vasitəsilə bədən duzlarının daha tez həzm olunması ( İzotonik içkilər bədənin daxili konsentrasiyasına uyğun olan içkilərdir);
3. Az kalorili növləri bu şəkildə qidalanmaq istəyənlər üçün daha rahatdır.
Məqalə Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamenti, Biomühəndislik araşdırmaları şöbəsinin əməkdaşı Abdul Etibaroğlu tərəfindən hazırlanıb.
Referanslar:
- Aeberli, I., Hochuli, M., Gerber, P. A., Sze, L., Murer, S. B., Tappy, L., Spinas, G. A., & Berneis, K. (2013). Moderate amounts of fructose consumption impair insulin sensitivity in healthy young men: a randomized controlled trial. Diabetes care, 36(1), 150–156. https://doi.org/10.2337/dc12-0540
- Berkey, C. S., Rockett, H. R. H., Field, A. E., Gillman, M. W., & Colditz, G. A. (2004). Sugar-Added beverages and adolescent weight change. Obesity Research, 12(5), 778–788. https://doi.org/10.1038/oby.2004.94
- Chen L, Appel LJ, Loria C, Lin PH, Champagne CM, Elmer PJ, Ard JD, Mitchell D, Batch BC, Svetkey LP, Caballero B. Reduction in consumption of sugar-sweetened beverages is associated with weight loss: the PREMIER trial. The American journal of clinical nutrition. 2009 Apr 1;89(5):1299-306.
- de Koning, L., Malik, V. S., Kellogg, M. D., Rimm, E. B., Willett, W. C., & Hu, F. B. (2012). Sweetened beverage consumption, incident coronary heart disease, and biomarkers of risk in men. Circulation, 125(14), 1735–1741. https://doi.org/10.1161/circulationaha.111.067017
- DROUIN-CHARTIER, J. E. A. N.-P. H. I. L. I. P. P. E., ZHENG, Y. A. N., LI, Y. A. N. P. I. N. G., MALIK, V. A. S. A. N. T. I., PAN, A. N., MANSON, J. O. A. N. N. E., WILLETT, W. A. L. T. E. R. C., & HU, F. R. A. N. K. (2019). 152-OR: Changes in consumption of sugary beverages and artificially sweetened beverages and risk of type 2 Diabetes among U.S. women and men. Diabetes, 68(Supplement 1). https://doi.org/10.2337/db19-152-or
- Giammattei, J., Blix, G., Marshak, H. H., Wollitzer, A. O., & Pettitt, D. J. (2003). Television watching and soft drink consumption. Archives of Pediatrics & Adolescent Medicine, 157(9), 882. https://doi.org/10.1001/archpedi.157.9.882
- Jagan Mohan Rao, K. Ramalakshmi, 10 - Introduction to soft drinks, Editor(s): L.Jagan Mohan Rao, K. Ramalakshmi, In Woodhead Publishing Series in Food Science, Technology and Nutrition, Recent Trends in Soft Beverages, Woodhead Publishing India, 2011, Pages 177-178, ISBN 9780857090096,
- Ludwig, D. S., Peterson, K. E., & Gortmaker, S. L. (2001). Relation between consumption of sugar-sweetened drinks and childhood obesity: A prospective, observational analysis. The Lancet, 357(9255), 505–508. https://doi.org/10.1016/s0140-6736(00)04041-1
- Malik VS, Schulze MB, Hu FB. Intake of sugar-sweetened beverages and weight gain: a systematic review–. The American journal of clinical nutrition. 2006 Aug 1;84(2):274-88.
- Olney JW, Farber NB, Spitznagel E, Robins LN. Increasing brain tumor rates: is there a link to aspartame? J Neuropathol Exp Neurol. 1996;55:1115–23.
- Vartanian, L. R., Schwartz, M. B., & Brownell, K. D. (2007). Effects of soft drink consumption on nutrition and health: A systematic review and meta-analysis. American Journal of Public Health, 97(4), 667–675. https://doi.org/10.2105/ajph.2005.083782
- Weihrauch MR, Diehl V. Artificial sweeteners—do they bear a carcinogenic risk? Ann Oncol. 2004;15:1460–5.Return to ref 2004 in article
- Whitehouse CR, Boullata J, McCauley LA. The potential toxicity of artificial sweeteners. AAOHN J. 2008;56:251–61.