Qənnadı məmulatlarından istifadə zamanı nələrə diqqət olunmalıdır?
25 Mart 2024 10:03
Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadı məmulatlara peçenye, pryanik, vafli, tort, piroq, keks və s., şəkərli qənnadı məmulatlara isə marmelad, karamel, şokolad, mürəbbə, cem və s. kimi məhsullar aiddir.
İlk növbədə qeyd edək ki, qənnadı məmulatlarının daşınma və saxlanma rejiminə düzgün riayət edilməlidir. Bu rejimə əməl olunmadıqda, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itə bilər. Sadalanan maddələrin miqdarı çirkləndirici maddələrin yolverilən maksimum miqdarını keçdikdə isə insan orqanizmində ciddi xəstəliklər yarana bilir.
Məhsulun düzgün qablaşdırılması onun xarici təsirlərdən etibarlı şəkildə qorunması üçün vacib şərtdir. Qablaşdırma prosesi məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki etiket məlumatlarına diqqət yetirməlidir.
Draje birbaşa günəş şüasının təsirinə məruz qalmadan saxlanılmalıdır. Karamel, halva 18 °C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmayan şəraitdə saxlanmalıdır. Düzgün saxlanma rejiminə riayət edilmədikdə halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxuya malik olur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18° C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır.
Tez xarab olan qənnadı məhsullarının daşınması xüsusi nəqliyyat vasitələrində 6° C-dən aşağı temperaturda həyata keçirilməlidir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, havalandırılmadır. Məhsulların düzgün yerləşdirilməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.
Unlu qənnadı məmulatlarının dadı və iyi isə çeşidinə müvafiq olmaqla, kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18° C-dən aşağı temperaturda və 65-75 %-dən yuxarı olmayan nisbi rütubətdə saxlanmalıdır. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız əlcək, maska, bone və digər xüsusi gigiyenik vasitələrlə təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.
Oxşar xəbərlər
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı
Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların satışı üçün yeni bazar tikilərək istifadəyə verilib. Müasir tələblərə uyğun inşa edilən bazarda heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin həyata keçirilməsi və biotəhlükəsizliyin təmin olunması üçün zəruri infrastruktur yaradılıb. Beləliklə, Şəmkir heyvan satışı bazarının istifadəyə verilməsi ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 23-ə çatıb. Bazarda baytarlıq nəzarətinin təşkili məqsədilə kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar quraşdırılıb. Həmçinin heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar yerləşdirilib. Heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb. Bununla yanaşı, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmə nəticəsində bazarda baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun şəraitin yaradılması nəzərə alınıb. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Ağdaş, Zaqatala, Qazax, Gədəbəy rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir. Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir. Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub. Daha ətraflı:
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Giriş