Qida məhsullarının istehsalında istifadə olunan əlavələr təhlükəlidirmi?
28 Mart 2018 00:00
Qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır: insan sağlamlığı üçün tam təhlükəsiz olması; insan üçün toksik və ya zəhərli olmaması; insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması; zərərli maddələrin olmaması və antibakterial effektinin olması1,2,3.
Hazırda qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə edilir. Bu əlavələrə aromatizatorlar, boyayıcı maddələr, qidanı uzun müddət saxlamaq üçün konservantlar, dadlandırıcılar, antioksidantlar və s. aiddir. Qida əlavələrini adlandırmaq üçün xüsusi standartlardan istifadə edilir.
Avropada qida məhsulunun istehsalı zamanı qida əlavəsi istifadə edilmişdirsə, onun kodu mütləq məhsulun nişanlanmış üz qabığında qeyd edilir. Məsələn, E260 kodunda “E” məhsulun Avropada istehsal edildiyini, 260 isə tərkibində sirkə turşusunun olduğunu bildirir. Əgər məhsul Avropadan kənarda istehsal edilirsə, onda qida əlavəsinin kodu “E” işarəsi olmadan yazılır.
Dünyada qida istehsalı zamanı istifadə edilən bütün qida əlavələrinin kodları Codex Alimentarus Komissiyasının səhifəsində qeyd edilmişdir. Bu cür sistematikanın aparılması həm istehsalçıların, həm də istehlakçıların düzgün informasiya almasına kömək edir. Qida əlavəsinə verilən bu cür kodlar onların öncədən laboratoriyada insan sağlamlığına ziyanlı olub-olmaması tədqiq edilərək, tam təhlükəsiz olduğu müəyyənləşdirildikdən sonra verilir. Hər bir qida əlavəsinin hansı miqdarda və ya həcmdə istifadəsi də bu tədqiqatlar zamanı müəyyən edilərək standart kimi tətbiq edilir2,3,4.
Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələri müxtəlif funksional qruplara ayrılır: E100 - E182 qrupu - rəngləyiciləri, E200 - E280 qrupu – konservantları, E300 - E391 qrupu - antioksidantları və turşuluq tənzimləyicilərini, başqa sözlə, məhsulun tez xarab olmasının qarşısını alan maddələri, E400 - E482 qrupu - stabilizatorları, yəni qida məhsulunun tərkibini sabit saxlayan maddələri, E550 - E583 qrupu - emulqatorları, yəni məhsulun müəyyən strukturunu saxlayan maddələri, E600 - E637 qrupu - dad və aromatizatorları, E900 - E967 qrupu - köpüyə qarşı, şəffaflıq verən əlavələri və E1100 - E1105 qrupu - ferment preparatları bildirir. Bu funksional qruplardan istifadə qida məhsullarının növünə və tərkibinə görə dəyişir2,3,4,5.
Qida əlavələri kimyəvi və təbii yolla əldə edilir. Bunların tərkibində olan birləşmələr qida məhsullarının keyfiyyətini qoruyur, tez xarab olmasının, o cümlədən zərərli və xəstəliktörədən mikroorqanizimlər və onların toksinləri, yəni zəhərləri ilə çirklənməsinin qarşısını alır.
Qida istehsalı zamanı istifadə edilən vitaminlər, amin turşuları və mineral maddələr də qida əlavəsi hesab edilir. Qida əlavələrinin insan sağlamlığı üçün təhlükəsiz olması ən önəmli faktor olduğundan, onların istifadə miqdarının və müvafiq standartlara uyğunluğunun daim yoxlanılması vacibdir.
Müxtəlif növ qida istehsalında fərqli qida əlavələrindən istifadə edilir. Məsələn, ət məhsullarının istehsalı zamanı onların keyfiyyətini və uzun müddətə saxlanma xüsusiyyətlərini artırmaq üçün antioksidantlardan, dadlandırıcılardan, rəngləyicilərdən və s. istifadə edilir.
Qazlı alkoqolsuz içkilərin istehsalı zamanı E950 – Asesulfam kalium, E951 – aspartam (şəkər əvəzedici), E338 – ortofosfat turşusu, E211 - natrium benzoat və s. kimi əlavələdən istifadə edilir.
Yuxarıda qeyd edilən hər bir qida əlavəsinin istifadəsi üçün müvafiq miqdar limiti var. Limitdən kənaraçıxmalar, xüsusən artırmaq insan sağlamlığı üçün təhlükəlidir. Qida istehsalında geniş istifadə edilən E211 - natrium benzoat və E212 – kalium benzoat əlavələri antioksidant kimi istifadə edilən E300 – askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng xəstəliyinin formalaşmasına səbəb olur. 4
Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələrinin rolu məhsulun keyfiyyət göstəricilərinin artırılması və bakterial çirklənmənin azaldılması olsa da, onların istifadə miqdarına dəqiq və düzgün əməl edilməsi qida təhlükəsizliyi baxımından çox vacibdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ən önəmli vəzifələrindən biri də insanların tam təhlükəsiz qida məhsularını istehlak etməsinə şərait yaratmaqla, qida istehsalı zamanı istifadə edilən qida əlavələrinin miqdarının düzgün istifadə edilməsini nəzarətdə saxlamaqdır.
Qeyd etdiyimiz kimi, qida əlavələrindən normadan artıq istifadə edilməsi insanlarda xərçəng kimi ağır xəstəliklərin yaranmasına səbəb olur. Qida əlavələrinin əksəriyyəti insan orqanizmində toplanır və ciddi fəsadlar törədir. Odur ki, qida istehsalı zamanı texnoloji təlimatlarda göstərilmiş miqdardan artıq qida əlavələrinin istifadəsinə qətiyyən yol verilməməlidir.
İstinadlar:
1. Frankos VH and Rodricks JV. Food additives and nutrition supplements. In: Gad S (ed) Regulatory Toxicology, 2nd ed. Boca Raton, FL: Taylor and Francis, 2002, pp. 133–166.
2. Kruger CL, Reddy CS, Conze DB, et al. Food safety and food-borne toxicants. In: Hayes AW and Kruger CL (eds) Hayes’ Principles and Methods of Toxicology, 6th ed. Boca Raton, FL: CRC Press, 2014, pp. 621–675.
3. Abdel-Rahman A, Anyangwe N, Carlacci L, et al. The safety and regulation of natural products used as foods and food ingredients. Toxicol Sci 2011; 123: 333–348.
4. Misel ML, Gish RG, Patton H, Mendler M. Sodium benzoate for treatment of hepatic encephalopathy. Gastroenterol Hepatol (NY) 2013;9:219–227.