Qida təhlükəsizliyi üçün mal qonşuluğu prinsipinə əməl etmək əsas şərtlərdəndir
25 Fevral 2019 00:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Qida zəncirinin bütün mərhələlərində mal qonşuluğu prinsipinə əməl olunması” haqqında olacaq.
Qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə temperatur, işıq, nəmlik, mikroorqanizmlər kimi amillərlə yanaşı mal qonşuluğu prinsipinin pozulması da təsir edir. Sanitar-gigiyenik norma və qaydalara əsasən ərzaq mağazalarında, market və supermarketlərdə, ictimai iaşə müəssisələrində mal qonşuluğu prinsipinə əməl edilməlidir.
Qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi, istehsalı, daşınması və saxlanılması mərhələləri normativ aktlar və qanunlarla tənzimlənir. Burada əsas məqamlardan biri məhsulun saxlanılacağı anbarın sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti və istifadə olunan qabların təmizliyidir.
Mal qonşuluğunun əsas şərti məhsulların fərdi xüsusiyyətlərini, uyğunluqlarını nəzərə almaq və onları ən münasib şəraitdə saxlamaqdır. Tez xarab olan məhsullar soyuducuda, şəkər, un məmulatları və taxıl məhsulları isə yaxşı havalandırılan quru otaqlarda saxlanılmalıdır.
Mal qonşuluğu prinsipinin əsas qaydaları aşağıdakılardır:
1. Ərzaq məhsulları mağazaların rəflərində kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır.
2. Zərərli, xüsusilə əmtəə görünüşünü itirmiş və ya istifadə müddəti bitmiş məhsullar keyfiyyətli məhsulların yanında yerləşdirilməməlidir.
3. Kəskin qoxulu məhsullar hiqroskopik xassəli məhsullardan təcrid olunmalıdır. Məsələn, ədviyyat, duzlanmış, hisə verilmiş və konservləşdirilmiş balıq kimi məhsullar süd və süd məhsullarından, yumurtadan ayrı saxlanılmalıdır.
4. Qida xammalını və yarımfabrikatları hazır xörəklərin yanında saxlamaq olmaz.
5. Soyudulmuş və dondurulmuş qidaları uyğun olmayan temperatur rejimində soyuducuda saxlamaq qəti qadağandır.
6. Ət və ət məhsullarını, müxtəlif növ kolbasaları, pendir məmulatlarını təzə meyvə və tərəvəzin yanında yerləşdirmək olmaz.
Unutmaq olmaz ki, qida məhsullarını təhlükəsiz şəraitdə istehlak etmək üçün mal qonşuluğu prinsipinə əməl etmək vacibdir.