Qida zəhərlənmələrindən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?
20 İyul 2022 00:00
Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər.
Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır:
- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməməli;
- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etməməli;
- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etməli;
- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirməli;
- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını bir dəfədən çox isitməməli;
- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etməli;
- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür.