Qidalardakı gözəgörünməz qəhrəman
18 Dekabr 2023 09:40
Qidalardakı gözəgörünməz qəhrəman - dəmir
Bəzən gündəlik məişət təlaşı ilə nəinki qəbul etdiyimiz qidaların bir-biri ilə uyğunluğuna, gündəlik qəbul etməli olduğumuz enerji və qida dəyərinə belə diqqət yetirmirik.
Lakin orqanizmimizin biokimyasında aparıcı rol oynayan bir baş qəhrəman - mineral var ki, onun azlığı diqqətdən kənar qalmamalıdır, əks halda o özünü bizə ciddi xəstəlik formasında mütləq xatırladacaqdır.
Dəmir hüceyrələrimizin mühərrikini işə salan yanacaq kimidir. Bu, qanımızı qırmızı edən və bədənimizin hər tərəfinə oksigeni daşıyan hemoqlobinin yaranması üçün şərtdir.
Biz bəzən bu mineralın azlığının səbəb olduğu halsızlığı, soyuğa həssaslığı, sadə işləri belə yerinə yetirərkən nəfəs darlığı kimi simptomları yorğunluqla, uşaqlarda diqqət zəifliyi və zehni qabiliyyətin aşağı olmasını isə tənbəlliklə səhv salırıq.
Qısacası anemiya toxumaların oksigenə aclığının göstəricisidir və ən çox rast gəlinən forması dəmir çatışmazlığı ilə müşayiət olunan dəmir defisitli anemiyadır.
Bu məqalənin məqsədi qidalanma vərdişləri ilə dəmir çatışmazlığı arasındakı əlaqəyə aydınlıq gətirmək, bununla da qidalanmamıza müəyyən toxunuşlar etməklə baş qəhrəmanı dəmir olan bu hekayədən hər kəsin faydalı nəticə çıxarmasına nail olmaqdır.
Qlobal baxış
Əfsuslar olsun ki, tək Azərbaycanda yox, bütün dünyada dəmir defisitli anemiya geniş vüsət almışdır. Sözsüz ki, buna səbəb müxtəlif xəstəliklər də ola bilər, lakin sıx rast gəlinən səbəblərindən biri qidalanmanın düzgün təşkil edilməməsidir. Müasir həyat tərzi və bu həyat tərzinin insanlara diqtə etdiyi qidalanma konseptləri bir çox halda bizi sağlam və balanslı qidalanmanın kənarda qaldığı bir çərçivəyə salır. Bu şərtlərdə sağlam həyat tərzinin təmin olunması üçün hər birimizin individual olaraq düzgün qidalanma ilə bağlı maariflənməyə və qidalanmamızı bir də gözdən keçirməyə zərurət yaranmışdır.
Kimlər risk altındadır?
Ümümdünya Səhiyyə Təşkilatı hesab edir ki, dünyadakı 5 yaşadək uşaqların 40%-i, hamilə qadınların 37%-i və ana olmaq yaşında olan qadınların isə 30%-i anemiyadan əziyyət çəkir.
2019-cu ildə Azərbaycanda aparılmış tədqiqatların nəticəsinə əsasən, uşaqların 25%-i, hamilə və reproduktiv yaşda olan qadınların isə 35%-də anemiya olduğu müəyyən edilmişdir.
Dəmirə olan yüksək fizioloji ehtiyacı ödənilməyən və müxtəlif səbəblərdən düzgün qidalanmayan şəxslər dəmir çatışmazlığına daha həssas olur. Birinci hala böyüməkdə olan uşaqlar, hamilə qadınlar, yetkinlik yaşına çatmış qızlar və reproduktiv yaşda olan qadınlar, həmçinin yaşlılar aid edilir. Qidalanma məhdudiyyətləri olan şəxslərə isə vegetarianlar, dəmirin sovrulmasına mane olan mədə-bağırsaq xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkən və s. insanlar aiddir.
Yaxşı xəbər - həll yolu var
Düzgün qidalanma rasionu və rejimi, eləcə də qidaların bir-biri ilə düzgün kombini sayəsində dəmir defisitli anemiyanın aradan qaldırılması mümkündür.
Maraqlıdır ki, seçdiyimiz qidalar tək qəbul etdiyimiz dəmirin miqdarına deyil, həm də onun bədənimizdə nə qədər sovrulmasına təsir edir.
Dostunu tanı - dəmirlə zəngin qidalar
Biz dəmiri həm heyvan, həm də bitki mənşəli qidalardan ala bilərik. Bilməliyik ki, heyvan mənşəli qidalardan aldığımız dəmir kimyəvi formasına görə daha asan mənimsənildiyi üçün bizi daha çox dəmirlə təmin edir.
Heyvan mənşəli dəmirlə zəngin qidalar:
- qırmızı ət (mal əti, qoyun əti), xüsusilə qaraciyər, qırmızı ət yeməyənlər isə bunu toyuq əti, hind quşu əti, balıqla əvəz edə bilər.
Bitki mənşəli dəmirlə zəngin qidalar:
- dənli bitkilər, taxıllar, paxlalı bitkilər (lobya, noxud, yaşıl və qırmızı mərci və s.), ispanaq və kələm kimi tünd yaşıl tərəvəzlər, kişmiş və qaysı kimi quru meyvələr, qoz, badam, fındıq kimi qərzəkli meyvələr.
Dəmirə dəstək - dəmirin sovrulmasına müsbət təsir edən amillər
C vitamini
C vitamini ilə zəngin qidaların dəmirin sovrulmasını artırması dəfələrlə elmi olaraq sübut edilmişdir. Gündəlik istifadə etdiyimiz qidalardan C vitamini yüksək olanlara sitrus meyvələri, tünd yaşıl yarpaqlı tərəvəzlər, xüsusilə də bolqar bibəri daxildir.
Beləliklə, ət yeməklərinin yanında bol yaşıl yarpaqlı tərəvəzlər və göyərtilər yeyilməsi, salatlara limon suyu, narıngi və ya portağal dilimləri əlavə edilməsi, yumurtanın pomidor, göyərti ilə yeyilməsi orqanizmin dəmir mineralını mənimsəməsini artırır.
Vegetarianlar rasionlarına C vitamini olan tərəvəzləri daxil etməklə, həmçinin dəmirlə zəngin tərəvəzlərlə qidalanarkən sitrus meyvə şirəsi içməklə dəmir qəbulunu optimallaşdıra bilər.
A vitamini və beta-karotenli qidalar
Beta-karoten bitki və meyvələrdə olan və ehtiyac yarandıqda bədənimizdə A vitamininə çevrilən qırmızı-narıncı piqmentdir. Yerkökü, balqabaq, qırmızı bibər, qovun, ərik, portağal, şaftalı və batat adı ilə tanıdığımız şirin kartof beta-karoten və A vitamini ilə zəngindir.
Beta-karoten və A vitamini qidadan dəmirin sovrulmasını artırmaqla yanaşı, onun orqanizmdə səfərbər olunmasını və daha səmərəli istifadəsini təmin edir.
A vitamini və dəmirin birlikdə istifadəsi, onların hər birinin ayrı-ayrı istifadəsindən daha effektlidir. Bu, hər iki maddənin bir-birini gücləndirməsi deməkdir. A vitamini dəmirin bədəndə daha yaxşı mənimsənilməsinə və istifadə edilməsinə kömək edir. Nəticədə, həm dəmir, həm də A vitamininin faydalarını maksimum dərəcədə əldə etmək mümkün olur.
Maneələrin ortadan qaldırılması - dəmirin sovrulmasına mənfi təsir edən amillər
Fitatlar
Fitatlar dənli bitkilərdə olan turşulardır. Onun miqdarı lobya, noxud, mərci, soya kimi paxlalı bitkilərdə nisbətən daha çoxdur. Dəmirin sovrulmasına mane olan fitatların parçalanması üçün paxlalı bitkilərin gecədən suya qoyulması və yaxşı bişirilməsi həll yolu ola bilər.
Kalsium
Kalsium sümük sağlamlığı üçün vacib bir mineraldır. Lakin dəmirlə sovrulmada rəqabət apardığı üçün kalsiumlu qidalarla dəmirlə zəngin qidaların kalsium tərkibli dərman və ya bioloji aktiv qida məhsullarının eyni vaxtda qəbul edilməməsinə diqqət etməliyik. Əfsuslar olsun ki, milli mətbəximizə məxsus dolma, ispanaq qovurması, kükü kimi dəmirlə zəngin xörəkləri qatıqla qarışdıraraq yeməyimiz və ya ət xörəyinin yanında içki olaraq ayran seçməyimiz yol verdiyimiz yanlışlardandır.
Polifenollar
Polifenollar müxtəlif miqdarda bitki mənşəli qidalarda və şərab, çay və qəhvə kimi içkilərdə olur.
Bildiyimiz kimi, elimizin çay içmək kimi gözəl bir adəti var. Özü də bir çox insanlar çayı yeməkdən dərhal sonra içməyi sevirlər. Əlbəttə, çay çox xeyirli bitkidir və bu ayrı mövzudur. Dəmir defisitli anemiyası olan şəxslərə gündəlik içdikləri çayın həm rəngini, həm də sayını azaltmaları tövsiyə olunandır. Ən vacibi isə yeməklə çay arasında həm əvvəl, həm sonra ən az 40 dəqiqə, 1 saat fasilə verilməsinə diqqət edilməlidir.
Yekun - sizin boşqabınız, sizin hekayəniz
Dəmir çatışmazlığı yazılmış bir qədər deyil. Ciddi məhdudiyyətlərə getmədən baş qəhrəmanın - dəmirin qidalanmada rolunu başa düşərək, şüurlu qida seçimi etməklə və lazım olduqda düzgün məlumat mənbəyinə müraciət etməklə, biz bu hekayənin enerji və həyat dolu olmasına imkan yaratmaqla, hekayəmizin sonunu dəyişdirə bilərik. Seçəcəyimiz hər yemək bədənimizin sağlamlıq hekayəsini dəyişmək üçün bir şansdır.
Məqalə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Validə Sadıxova tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
AQTA-nın əməkdaşları təlimdə iştirak edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup rəhbər vəzifəli şəxs üçün onlayn təlim keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən təlim “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub. Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı və qaydaları, o cümlədən müvafiq prosedurlar və düsturlar barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində peşəkarlığın artırılması məqsədilə keçirilib.
AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb. AQTA bildirir ki, müvafiq qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il müddətində HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə məlumatlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.