Qidaların qablaşdırılmasının əhəmiyyəti və bu sahədə yeni texnologiyaların tətbiqinin vacibliyi
12 İyul 2023 16:32

Qidalar uzun müddət saxlanılmaq, həmçinin israfçılığın qarşısını almaq və qida təhlükəsizliyini təmin etmək məqsədilə qablaşdırılır. Qidaları qablaşdırmaqdan ötrü ilk dəfə qalayla örtülmüş konserv qutular üçün patent XIX əsrin əvvəllərində Böyük Britaniyadan olan tacir Peter Durand tərəfindən alınıb. Lakin qidaların qablaşdırılması prosesinin daha əvvələ təsadüf etdiyi təxmin olunur. Belə ki, insanlar hələ qədim zamanlarda qidaların daşınması və saxlanması üçün ağacların qabığından və ya yarpaqlarından istifadə ediblər. Sonrakı dövrlərdə onlar bunun üçün heyvan dərisindən, toxunmuş otlardan, boş ağac kötüklərindən və digər vasitələrdən yararlanıblar. Metal və saxsı qabların hazırlanması isə qablaşdırmanın inkişafına təkan verib.
Müasir dövrümüzdə bəzən “işlənmiş”, “hazır”, “yarımfabrikat” adlandırılan qablaşdırılmış qidalar “qeyri-sağlam” kimi xarakterizə olunur. Qablaşdırma üçün istifadə edilən qabların isə tullantı kimi ətraf mühitə atıldığı və təbiəti çirkləndirdiyi bildirilir. Lakin qablaşdırmanın əsas funksiyalarına, istifadə istiqamətlərinə, müasir dövrün qidalanma vərdişlərinə və beynəlxalq hesabatlara nəzər yetirdikdə, qidaların qablaşdırılmasının zəruri olduğunu görürük. Belə ki, 2021-ci ildə dünyada təqribən 2,3 milyard insan orta və ya ağır dərəcədə qida çatışmazlığı yaşayıb. Hazırda 820 milyondan artıq insan aclıqdan əziyyət çəkir. 2050-ci ilədək isə dünya əhalisinin sayının 9,8 milyarda çatacağı proqnozlaşdırlır ki, buna uyğun olaraq ərzaq istehsalı indiki dövrlə müqayisədə 60% artmalıdır. Bununla yanaşı, qlobal istixana qazı emissiyalarının 8-10%-nin insanlar üçün istehsal edilən, lakin istehlak olunmayan qidalardan qaynaqlandığı təxmin edilir. Hər il dünyada insanlar üçün istehsal olunan qida məhsullarının üçdə bir hissəsi, təxminən 1,3 milyard tonu itirilir və ya israf edilir. Həmçinin qida itkiləri və tullantıları meyvə və tərəvəzlərdə ən yüksək nisbətə malikdir. Bu məlumatlar qida itkisi və ya israfının qarşısını almaq üçün təcili yollar tapmağa ehtiyac duyulduğunu göstərir ki, bunlardan biri də qidaların qablaşdırılmasıdır. Belə ki, qidaların xarab olmasında temperatur, rütubət, istilik, işıq və mikroorqanizmlər kimi müxtəlif amillər rol oynayır. Qablaşdırma isə qidaların xarab olmadan uzun müddət saxlanmasını təmin edərək qida israfının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Qoruma, saxlama, daşımada rahatlığın təmin edilməsi və digər amillər qablaşdırmanın əsas funksiyalarına aiddir.
Texnologiyanın inkişafı ilə əlaqədar müxtəlif materiallar qablaşdırma materialı kimi istifadə oluna bilir. Bununla belə, qidaların qablaşdırılması zamanı istifadə edilən materiallar qida təhlükəsizliyinə uyğun, möhkəm, cəlbedici və qənaətcil olmalıdır. Bunlara plastik, şüşə, kağız, metal, taxta və birdən çox materialın birlikdə istifadə edildiyi kompozit tipli qablaşdırma materialları daxildir.
Qablaşdırma materialları qidaların üzərində göstərilən istifadə müddəti bitənədək xarab olmasının qarşısını ala bilir. Şübhəsiz ki, qidanın xarab olmadan qalmasında emal şəraiti, düzgün saxlanma və qablaşdırma qoruma funksiyasını bərabər yerinə yetirir. Qablaşdırmanın qidanı qoruya bilməsi üçün qida mikroorqanizmlərdən təmizlənməlidir. Məsələn, xarab olmasına şərait yaradan mikroorqanizmlərdən təmizlənmiş süd və ya meyvə şirəsi şüşə butulkalarda və ya çoxqatlı karton qutularda qablaşdırıldıqda və müvafiq saxlama şəraitində saxlandıqda, qablaşdırma öz mühafizə vəzifəsini yerinə yetirir və içərisindəki məhsulu istifadə müddəti bitənədək xarab olmaqdan qoruyur. Vakuumda və ya modifikasiya edilmiş atmosferdə qablaşdırılan ət məhsulları isə qablaşdırma materialı həmin məhsulun oksigenlə təmasının qarşısını aldığına görə qorunur. Əsas qida məhsullarından biri olan çörək qablaşdırılmadan satışa çıxarılarsa, xəstəlik törədən mikroorqanizmlərin qarşısını almaq üçün təmizlənə və dezinfeksiya edilə bilən nəqliyyat vasitələrində və yeşiklərdə daşınmalıdır. Lakin bu tələblərdən asılı olmayaraq, qablaşdırma çörəyi ətraf mühitin zərərli təsirlərindən qoruyur və gigiyenik qaydada istehlakçıya çatdırılmasına şərait yaradır. Digər tərəfdən meyvə və tərəvəz kimi tez xarab olan məhsullar üçün hazırlanmış qablaşdırma materialları və texnologiyaları onları qoruyaraq itkilərin qarşısını alır. Xüsusilə bu tip qidalarda klassik üsullarla yanaşı, ətraf havanın qaz tərkibinin tənzimlənməsi idarə olunan atmosferdə depolama, aktiv və ağıllı qablaşdırma, modifikasiya edilmiş atmosferdə isə qablaşdırma və ya buxar əleyhinə qablaşdırma kimi aparılır.
Qablaşdırmanın qoruma funksiyası ilə birlikdə nəzərə almalı olduğumuz xüsusiyyətlərindən biri də rahat istifadədir. Bunlar bir-birini tamamlayır. Belə ki, son dövrlərdə dəyişən həyat şərtləri və texnoloji inkişafla əlaqədar olaraq, qablaşdırmanın qoruyucu xüsusiyyəti ilə yanaşı, fərqli xüsusiyyətlərinə də ehtiyac duyulmağa başlanılıb. Qısa müddətdə hazırlanan qidaların və praktik qablaşdırmaların əhəmiyyəti artıb. Hazırda təkrar istifadə üçün açılıb bağlana bilən, bişirilməyə hazır və ya isidilərək yeyilə bilən qidalarda istifadə edilən, asanlıqla bağlana bilən və asanlıqla daşına bilən bağlamalar əhəmiyyətli hala gəlib. Bu cür inkişaf məhsulun təhlükəsizliyinin qorunması, eləcə də yüksək keyfiyyətli və təzə məhsulların istehlakı üçün faydalıdır.
Qablaşdırmanın digər önəmli cəhəti də onun məlumat vermə xüsusiyyətidir. Digər əsas funksiyalarla yanaşı, qablaşdırmanın üzərindəki etiketlə istehsalçının mesajları istehlakçıya çatdırılır. Çünki qablaşdırmada qidanın adı, onun tərkib hissələrinin siyahısı, xalis miqdarı, tövsiyə olunan istehlak və ya son istifadə tarixləri, allergen məlumatları, xüsusi saxlama şəraiti, mənşə ölkəsi, partiya nömrəsi kimi məlumatlar olmalıdır. Həmçinin qablaşdırılmış qida məhsulu alarkən məhsulla yanaşı, istehsalçı haqqında da məlumat almaq mümkündür. Paketdə istehsalçının qeydiyyat nömrəsinin olması məcburidir. Bu rəqəm istehsalçının (müəssisənin) tələb olunan məlumatlarla sənədləri tamamladığını və səlahiyyətli orqan tərəfindən sistemdə qeydiyyata alındığını bildirir. Ümumiyyətlə qablaşdırılmış qida alarkən bəzi məsələlərə diqqət etmək lazımdır. Belə ki, qablaşdırmada məhsulun son istifadə və ya tövsiyə olunan istehlak tarixləri və əgər varsa, allergen haqqında məlumat yazılmalıdır. Qida və istehsalçı haqqında kifayət qədər məlumat qeyd edilməlidir. Qablaşdırmada deformasiya olmamalıdır. Məhsulu almamışdan əvvəl "Əgər qablaşdırma kartondursa, cırılıbmı? Plastikdirsə, deşik varmı? Konserv qutusunda şişkinlik varmı? Bağlamanın qapağı açılıbmı?" kimi suallara cavab verməklə, qablaşdırmada deformasiya olub-olmadığını təsdiqləmək olar. Eyni zamanda qida qablaşdırmada göstərilən şərtlər əsasında saxlanmalıdır. Hansıki bu şərtlər qidalar laboratoriyalarda istifadə şərtlərini simulyasiya edən sınaqlardan keçirilərək müəyyən edilir və qablaşdırmadan əvvəl təsdiqlənir.
Şübhəsiz ki, dünya əhalisinin getdikcə artdığı bir dövrdə təbii ehtiyatları qorumaq və hamını kifayət qədər qida ilə təmin etmək üçün daha dayanıqlı sistemlərə keçilməlidir. Bunlara qlobal qida istehsalı sisteminin dəyişdirilməsi, qida zəncirində qida itkilərinin və israfının qarşısının alınması və qablaşdırma tullantılarının təsirlərinin minimuma endirilməsi daxildir. Dünyada qida itkiləri bütün qida növlərində və qida zəncirinin bütün mərhələlərində əsasən çürümə nəticəsində baş verir. Qida məhsullarının mikroblarla çirklənməsi isə qidalardan keçən yoluxucu xəstəliklərin əsas səbəbidir. Digər məsələ daha uzun saxlama müddəti tələb edən və daha az işlənmiş qidalara tələbatın artması ilə bağlıdır. Buna görə də, təhlükəsiz və uzun müddət keyfiyyətini saxlaya bilən innovativ qida paketlərinin hazırlanmasına ehtiyac var. Bu baxımdan bir sıra şərtlərlə yanaşı, içindəkiləri nəmdən, havadan, mikrob və mexaniki zədələnmələrdən (vibrasiya və şok) qoruyan passiv qida qablaşdırılmasından məsələn, antimikroblar və ya oksigen uducularla qida çürüməsinin qarşısını almaqla, qidanın saxlama müddətini uzadan aktiv qida qablaşdırılmasına keçid mühüm məsələlərdəndir. Bu baxımdan nanotexnologiya aktiv qida qablaşdırılmasının inkişafı üçün bir vasitə kimi getdikcə daha çox araşdırılır. Avropa İttifaqının dəstəklədiyi “NanoPack” layihəsi çərçivəsində antimikrob xüsusiyyətlərə malik aktiv qablaşdırma üçün xüsusi örtüklər hazırlanır. Bu örtüklər kiçik miqdarda antimikrob efir yağlarını buxar şəklində paketin "headspace" adlanan hissəsinə buraxır. Bununla qidanı və boşluğu sterilizasiya edir, həmçinin məhsulun saxlanma müddətini uzadır. İlkin tədqiqatlar “NanoPack” örtüklərinin qatqısız çörəyin saxlanma müddətini 3 həftəyə qədər uzatdığını göstərib. Bu da qida tullantılarını azaltmaq üçün aktiv qablaşdırma sistemlərinin potensialını sübut edir. Suya, oksigenə və patogenlərə qarşı güclü mexaniki müqavimət göstərə bilən və daha az əlavələrdən yararlanmaqla qidanın istifadə müddətini uzadan örtüklər qida qablaşdırılmasında çox tələb olunur. Bu örtüklər isə əsasən bioloji parçalanmayan və qalıq əsaslı bərpa edilməyən mənbələrdən istehsal olunur. Davamlı utilizasiya və ya təkrar emal üsulları əksər vaxtlarda bir neçə funksional təbəqəni əhatə edən materiallar üçün effektli olmur. Bundan əlavə, davamlı plastik qablaşdırma tullantılarının ətraf mühitə təsiri qlobal problemdir. Buna görə də, ətraf mühitə az zərər verən və daha davamlı materiallara üstünlük verilməyə başlanıb. Bio-əsaslı qablaşdırma materialları artan bioloji parçalanma və ya sıxılma qabiliyyətinə görə, ənənəvi plastik qablaşdırmaya ekoloji cəhətdən alternativ kimi getdikcə daha çox araşdırılır. Bununla belə, bu materialların zəif bariyer xüsusiyyətlərinə, məsələn, yüksək su və hava keçiriciliyinə görə, sənayedə istifadəsi və tətbiqi məhduddur. Lakin ənənəvi plastiklərə ekvivalent olması və dünyanın tullantı probleminin həll edilməsi üçün bu istiqamətdə əsaslı iş aparılmalıdır. Hazırda Avropa İttifaqının (Aİ) dəstəklədiyi “RefuCoat” layihəsi iki yeni bio-əsaslı qida qablaşdırması üzərində işləyir. Onlardan birincisi qarğıdalı lopaları, cips və duzlu qəlyanaltıların qablaşdırılmasında istifadə olunan metallaşdırılmış materialın tam təkrar emal edilə bilən aktiv qablaşdırma əvəzinin hazırlanmasıdır. İkincisi toyuq və ət məhsulları üçün tam bioloji parçalana bilən qablaşdırmanın hazırlanması ilə bağlıdır. Beləliklə, bu layihə qablaşdırma tullantılarının həcmini azaltmaqla yanaşı, qida məhsullarının saxlanma müddətini uzatmağı hədəfləyir.
Qida qablaşdırılmasının davamlılığının artırılması ilə əlaqədar üzərində işlənən digər bir istiqamət isə istehsal zamanı qida sənayesində yaranan tullantılardan qablaşdırılmada istifadə edilməklə bağlıdır. 2017-ci ilin noyabrında başlayan Aİ-nin dəstəklədiyi “YPACK” layihəsi çərçivəsində atılan təmizlənməmiş zərdab tozunun və badam qabıqlarının əlavə məhsullarından təkrar emal edilə bilən “Flow pack” materialının və bioloji parçalanma qabiliyyətinə malik qablaşdırma qabının hazırlanması üzərində iş aparılır. “Flow pack” materialı passiv bariyer rolunu oynayacaq, qab isə aktiv antimikrob xüsusiyyətlərinə malik olacaq. Bununla da, qida məhsulunun saxlanma müddəti uzadılacaq.
Göründüyü kimi, aktiv qablaşdırma sistemləri qidanın daha uzun müddət saxlanmasına şərait yaradaraq çürümə səbəbindən baş verən itki və tullantıları minimuma endirir, digər innovativ ideyalar isə qablaşdırma tullantılarını azaldır və ya başqa mənbələrdən gələn tullantıları qiymətli resurslara çevirir. Bu texnoloji yeniliklər gələcəkdə qlobal qida tullantılarına qarşı mübarizədə çox önəmli vasitə olacaq.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin böyük mütəxəssisi Sənubər Sərdarbəyli Yılmaz tərəfindən hazırlanıb
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

“Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sağlam qidalanmanın təşviqi məqsədilə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində "Expressbank" əməkdaşları üçün maarifləndirici təlim təşkil olunub. Görüş çərçivəsində AQTA-nın fəaliyyəti, istehlakçıların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, növbəti belə layihə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç” layihəsidir. Layihənin məqsədi sağlam qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı ilkin biliklərin artırılmasıdır. Belə ki, layihə çərçivəsində “Necə sağlam qidalanaq?” sualından daha çox, “Niyə sağlam qidalanmalıyıq?” mövzusuna diqqət çəkilir. Görüş zamanı qeyd olunub ki, araşdırmalara əsasən, genetik meyillər, zərərli vərdişlər, fiziki hərəkətsizliklə yanaşı qeyri-sağlam qidalanmanın da qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Sağlam qidalanma isə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayan əsas amillərdən biri kimi elmi əsaslarla təsdiqlənib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma mövzusunda təqdimatla çıxış edib. O, balanslı və düzgün qida rasionun tərtib olunmasının, eləcə də sağlam qidalanmaya əməl etməyin insan sağlamlığı üçün vacibliyini vurğulayıb. Mütəxəssis, eyni zamanda qida israfının qarşısının alınması məsələsinə də toxunub, bu sahədə beynəlxalq təcrübəni və ölkəmizdə tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və sağlam qidalanma sahəsində aktual mövzular ətrafında interaktiv fikir mübadiləsi aparılıb. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır. Layihənin əsas hədəfi həm sağlam, həm də təhlükəsiz qidalanmanı davamlı davranış modelinə çevirməkdir.

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.