Qloballaşan dünyada ərzaq və qida təhlükəsizliyi
25 Yanvar 2021 00:00
Düzgün qidalanma sağlamlığın təməl prinsipidir. Davamlı sosial inkişafı cəmiyyətin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil. Lakin 1960-cı ildən başlayan eksponensial əhali artışı, texnologiya və qloballaşma nəticəsində sürətlənən yaşam tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyata tətbiqini çətinləşdirir. Hazırda 8 milyarda yaxın dünya əhalisinin ərzaq ehtiyacını qarşılamaqla yanaşı, bu qidaların istehsal və beynəlxalq ticarətinin davamlılığını, eləcə də məhsulların kimyəvi və mikrobioloji təhlükəsizliyini təmin etmək vacibdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qida təhlükəsizliyini və qida keyfiyyətini 2 ayrı termin kimi təqdim etsə də, nəzarət prosedurunu “istehlakçının sağlamlığını təmin etmək üçün yerli və ya milli hakimiyyət orqanlarının istehsal, daşıma, saxlama, paylama zamanı bütün qidaların təhlükəsiz və keyfiyyət tələblərinə uyğun olduğunu təmin etmək məqsədi daşıyan məcburi tənzimləmə fəaliyyəti” kimi təsvir edir. Bu yanaşma, əslində, sağlam qida anlayışının vahid məfhum formasını “yaratmağı” xarakterizə edir.
Qloballaşma etimologiyası istehsalat və ticarət arasındakı əlaqənin texnologiya, kommunikasiya kimi faktorlara necə bağlı olduğunu texniki parametrlərlə açıqlamır. Çünki bu bağlılıq gözlə görülsə də, sabit meyarlarla dəyərləndirilməsi tam mümkün deyil. Bu mümkünsüzlük qida təhlükəsizliyi və ərzaq təhlükəsizliyi arasındakı bağlılığa da öz təsirini göstərir. Belə ki, qida və ərzaq təhlükəsizliyi konseptləri yoxsulluq və iqlim dəyişikliyinin olduğu nöqtələrdə kəsişir. Lakin bu kəsişmənin böyüklüyü son illərdə məhz qida sənayesində iqlim dəyişikliyi termininin antropomorfik iqlim dəyişikliyi ilə əvəz edildiyi zamandan bəri dəyişməyə başladı (bəzi elmi məqalələrdə antropomorfik iqlim dəyişikliyi qlobal istiləşmə kimi təsvir edilir).
2030-cu ilə qədər qida ehtiyacının 50 % artacağı gözlənilir. Bu isə öz növbəsində heterogen və kompleks qida-tədarük zəncirini daha da mürəkkəbləşdirir. BMT-nin məlumat mənbələrinə istinadən, aqro-qida məhsulları ticarəti şəbəkəsinin (IFTN) özəyini 7 ölkə təşkil edir. Bu ölkələr aqro-qida sektorunun dünya bazarı üzrə 77 %-nə hakimlik edir. Heterogenlik və qloballaşma bu qida məhsullarında ola biləcək çirkləndiricilərin mənbə araşdırmalarını mövcud vəziyyətdə çətinləşdirir. Bu kimi hallar iqtisadi problemlərlə yanaşı, ölkədaxili sosial böhranlara da yol aça bilər.
Qloballaşmanın qida təhlükəsizliyinə təsiri sadəcə zərərvericilərin və ya qida məhsullarındakı çirkləndiricilərin mənbə araşdırmasını mürəkkəbləşdirməkdən ibarət deyil. Qloballaşma istehsal və istehlak arasındakı xətti əlaqəni pozur, yəni istehlak həcmi istehsal həcmini keçir. Bunun nəticəsində qida məhsullarının xam malları arasındakı biomüxtəliflik də pozulur. Biomüxtəlifliyin pozulması, öz növbəsində, “əldə olan qida məhsullarının təhlükəsizliyi təmin edilmədiyi təqdirdə ərzaq təhlükəsizliyi də təmin edilə bilməz” paradoksunun həlli yolunu daha kiçik çərçivə ətrafında cəmləşdirir. Bir başqa deyimlə, biomüxtəlifliyin pozulması istehlaka uyğun olmayan qida məhsullarının “əvəzetmə” prinsipinə əsaslanan bir başqa qida məhsulu ilə həllini məhdudlaşdırır. Belə olduğu təqdirdə bəşəriyyəti yaxın onilliklər ərzində nə gözləyir?
Qida təhlükəsizliyi təşkilatları XXI əsrin keçən son onilliyində tullantıların idarəedilməsinə daha çox diqqət ayırır. Düzgün qidalanma prinsipləri ilə yanaşı, tullantıların düzgün şəkildə utilizasiyası da eyni önəm daşımağa başlayır. Hazırda qida təhlükəsizliyi təşkilatları tullantıların idarəedilməsi prosesini vahid bir sistem ətrafında cəmləşdirməyə çalışır. Belə ki, bu sahədə beynəlxalq ticarətdə ixracat üstünlüyünə malik ölkələrlə yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələrlə təşəbbüskarlıq yaratmağa daha çox səy göstərir. Bu isə öz növbəsində önümüzdəki onilliklər ərzində həm qida-tədarük zənciri prosesini daha beynəlmiləl, həm də qida təhlükəsizliyi nəzarətini kompleks olmaqdan uzaq, lakin çoxşaxəli edəcəkdir. Tullantıların vahid sistem ətrafında birləşdirilməsi isə biomüxtəlifliyin qorunub saxlanılması istiqamətindəki səyləri proqressivizm şüarı altında cəmləşdirəcəkdir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət departamentinin Keyfiyyət üzrə daxili audit şöbəsinin aparıcı mütəxəssisi Emin Əfəndibəyli tərəfindən hazırlanıb.