Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
31 İyul 2024 09:32
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.
Bir çox ölkələrin tənzimlənən zərərli orqanizmlər siyahısında olan Qonur monilioz çürümə (Monilinia fructicola) xəstəliyi göbələk mənşəli olub, əsasən gilas, şaftalı, nektarin, ərik, alça, gavalı, alma, armud, heyva kimi tumlu-çəyirdəkli meyvə bitkilərində rast gəlinir. Patogen qışı sirayətlənmiş bitki hissələrində, mumyalaşmış və ağacdan asılı halda qalan meyvələrdə keçirir. Xəstəliyin inkişafı meyvənin sortundan, bağın əkin sxemindən, aparılan aqrotexniki tədbirlərdən, ən əsası da hava şəraitindən asılı olaraq dəyişir. Mülayim gündüz temperaturu (20-25° C) və sərin gecələri olan rütubətli və ya yağışlı havalarda çiçəklərin zərər görməsi güclənir. Yetkin meyvələrin çürüməsi yüksək rütubət və yüksək temperaturda sürətlə davam edir. Yarpaqlar və tumurcuqlar da sirayətlənməyə məruz qalır. Xəstəliyin bitki üzərində təsirləri çiçək və budaqlarda yanıqlıq, meyvələrdə aşkar çürümə və budaqda xərçəng kimi əlamətlər yaradır.
Xəstəlik sahədə yağış, külək və həşəratlar vasitəsilə, beynəlxalq ticarətdə isə tumlu-çəyirdəkli meyvə bitkilərinin əkin materialı və meyvələri vasitəsilə yayılır. Saxlama anbarlarında xəstəlik sirayətlənmiş meyvələrdən, qablaşdırma materiallarından asanlıqla digər sağlam meyvələrə yayıla bilir.
Xəstəliyin daha geniş ərazilərə yayılmaması, xəstəlik ocaqlarının məhdudlaşdırılması və mümkün məhsul itkisinin qarşısının alınması məqsədilə aşağıdakı fitosanitar tədbirlərin aparılması vacibdir.
Profilaktiki tədbirlər
Qonur monilioz çürümə xəstəliyi ilə sirayətlənmiş sahələrdə və ətrafında 5-7 km radiusdakı ərazidə arı pətəkləri yerləşdirilməməli, bağlarda yarpaqlar töküldükdən sonra asılı halda qalan mumyalaşmış və yerə tökülmüş meyvələr yığılaraq digər bitki qalıqları ilə birlikdə sahədən çıxarılaraq ekoloji təhlükəsizlik qaydaları gözlənilməklə yandırılmalı, təsərrüfat işləri zamanı istifadə edilən bütün avadanlıqlar, alətlər, qablaşdırma vasitələri və bu sahədə istehsal edilmiş meyvənin saxlandığı anbarlar hərtərəfli təmizlənməli və dezinfeksiya edilməlidir. Xəstəlik rast gəlinən bağlarda istifadə edilən texnika və alətlər təmizlənərək dezinfeksiya edildikdən sonra digər sahələrdə istifadə edilə bilər. Məhsul yığımı və meyvələrin saxlanması zamanı isə mexaniki zədələnmələrin qarşısı alınmalıdır.
Aqrotexniki tədbirlər
çərçivəsində cərgələrarası havalandırmanı təmin etmək məqsədilə budama işləri aparılmalı, alaq bitkiləri ilə mübarizə ön planda saxlanılmalı, yazda bitkilər çiçək açdıqdan sonra sirayətlənmiş zoğlar 20-30 sm aşağıdan kəsilərək məhv edilməlidir. Əlavə olaraq məhsul yığımından bir ay əvvəl bitkilər üzərində müşahidələr aparılaraq sirayətlənmə əlamətləri müşahidə edilən meyvələr ağaclardan kənarlaşdırılaraq məhv edilməlidir. Meyvələrin kənarlaşdırılması, budama işləri səhər saatlarında, küləksiz hava şəraitində həyata keçirilməlidir.
Kimyəvi mübarizə tədbirləri
Bitkinin inkişaf dövründə yerüstü hissəsini əhatə edəcək şəkildə tətbiq və təhlükəsizlik qaydaları gözlənilməklə müvafiq preparatla işləmələr aparılmalıdır.
Yadda saxlamaq lazımdır ki, vaxtında aparılmış mübarizə tədbirləri xəstəliyin yayılmasının, məhsul itkisinin qarşısını almaqla yanaşı ixracla bağlı məhdudiyətlərdən qorunmağa kömək edəcəkdir.
Qeyd edək ki, qonur monilioz çürümə xəstəliyi aşkarlanmış təsərrüfatlarda bitki mühafizə tədbirlərinin görülməsi ilə əlaqədar Respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən Qərarlar qəbul edilmiş və aidiyyəti qurumlarla birlikdə müəyyən edilimiş zəruri mübarizə tədbirlərinin həyata keçirilməsi təmin edilir.
Oxşar xəbərlər
AQTA-da cari ilin I yarımilinin yekunlarına dair mətbuat konfransı keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransda çıxış edən AQTA-nın sədr müavini Əli Nəbiyev qida təhlükəsizliyi sisteminin strateji inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üçün Dövlət Proqramı”nın layihəsi aidiyyəti üzrə təqdim olunduğunu media nümayəndələrinin diqqətinə çatdırıb. Ə.Nəbiyev altı ay ərzində dövlət nəzarəti ilə bağlı statistik göstəricilərə nəzər salıb. Bildirib ki, bu dövr ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib. Ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti) məhv edilib. Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib. Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb. Qeyd olunub ki, fəaliyyət göstərən 79 ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17 bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən aradan qaldırılıb. Sədr müavini diqqətə çatdırıb ki, ailə və kəndli təsərrüfatlarında hazırlanan süd və süd məhsullarına effektiv nəzarətin təşkili və bazarlarda satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi qablaşdırma materialları və etiket nümunələri hazırlanaraq bazarlara təqdim olunub. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, idxal və ixrac prosesləri AQTİS vasitəsilə tam rəqəmsallaşdırılıb, hazırda Azərbaycandan 70-dən çox ölkəyə məhsul ixrac olunur. Ə.Nəbiyev Çinə akvakultura, yabanı dəniz məhsulları və quş əti ixracını əhatə edən 3 protokolun imzalandığını da vurğulayıb. Yenidənqurmadan sonra heyvan bazarlarının istifadəyə verildiyini diqqətə çatdıran Əli Nəbiyev bildirib ki, artıq Xaçmaz heyvan bazarı da fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb. Onun sözlərinə görə, iri və xırdabuynuzlu heyvanların gələn ildən dövlət hesabına identifikasiyası aparılacaq və onların elektron uçotu təmin ediləcək. AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasının narahatedici məqamlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, Agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib. Şöbə müdiri istehlakçılara belə məhsulları almamağı tövsiyə edib. Validə Sadıxova energetik içkilərlə bağlı həyata keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. O bildirib ki, Agentlik istehlakçılar arasında sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 72%-i energetik içki olmayan məhsulları “energetik içki” kimi qiymətləndirib. Başqa sözlə, istehlakçılar məhsulun energetik içki olub-olmamasını onun tərkibinə deyil, marketinq elementlərinə, vizual dizaynına və qablaşdırılmasına əsasən seçiblər. Bununla əlaqədar, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb. Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələr həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, məhsulların 50%-dən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji, güc və yüksək performansı ifadə edən sözlərdən, emblemlərdən, işarələrdən və digər vizual elementlərdən istifadə olunub. Bununla əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, birgə əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görülməsi təklif olunub. Eyni zamanda, Agentlik tərəfindən sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
AQTA və “Rosselxoznadzor” nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida məhsullarının qarşılıqlı tədarükü, idxal-ixrac məsələlərinin tənzimlənməsi müzakirə olunub. Heyvanların identifikasiyası və baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası diqqət mərkəzində olub. Onlayn görüşdə həmçinin ölkəmizə iribuynuzlu heyvanların idxalı üçün Rusiyanın attestasiyadan keçmiş karantin meydançalarına AQTA əməkdaşlarının planlaşdırılan səfərinin təşkili ilə bağlı detallar danışılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri quşçuluq müəssisəsinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zirə qəsəbəsində fəaliyyət göstərən “Xəmsə-M” MMC quşçuluq müəssisəsində olub. Müəssisədə baytarlıq nəzarətinin təşkili, biotəhlükəsizlik tədbirlərinin tətbiqi, istehsal prosesinin müxtəlif mərhələləri, izləmə sistemi, həmçinin məhsulların qida təhlükəsizliyi tələblərinə uyğunluğu istiqamətində görülən işlərlə tanışlıq olub. AQTA sədri qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində normativ tələblərə əməl edilməsinin vacibliyini vurğulayaraq, ixracın şaxələndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Müəssisə rəhbərliyi tərəfindən quşçuluq sektorunda mövcud vəziyyət, istehsal gücü, tətbiq olunan texnologiyalar, həyata keçirilən tədbirlər və gələcək inkişaf planları barədə məlumat verilib, məhsullar barədə təqdimat keçirilib. Bununla yanaşı, sahə üzrə kadr potensialının gücləndirilməsi və quşçuluq təsərrüfatlarının davamlı inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Giriş