Quş əti və quşçuluq məhsullarından düzgün istifadə etmək üçün hansı tələblərə riayət olunmalıdır?
25 İyul 2022 00:00
Quş əti - zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər, fermentlərlə zəngindir. Bu ətin toyuq, hinduşka, qaz, ördək və digər növlərində A, D, E və B qrupu vitaminləri, eləcə də biotin maddəsi (H vitamini) üstünlük təşkil edir. Tərkibində faydalı maddələr çox olsa da, digər ət növləri ilə müqayisədə kalorisi daha az, qiyməti isə nisbətən ucuzdur. Bütün bu xüsusiyyətlər quş ətinin daha çox istehlak edilməsinə zəmin yaradır. Lakin bu məhsuldan düzgün istifadə etmək üçün müəyyən tələblərə əməl olunması vacibdir.
İlk növbədə, quş əti alarkən fərdi və ya sənaye üsulu ilə yetişdirilmiş, yeni kəsilmiş quşlara üstünlük verilməlidir. Ətin rəngi tərkibindəki zülal-yağ nisbətindən asılı olaraq ağ-çəhrayı, sarımtıl və ya tünd qırmızı ola bilər.
Quş əti və quşçuluq məhsullarından düzgün istifadə etmək üçün bu məhsulların baytarlıq ekspertizasından keçdiyinə əmin olmaq və istehlakına qədərki dövrdə müvafiq temperatur rejimində saxlanmasına diqqət yetirmək lazımdır. Belə ki, təzə quş əti soyuducuda 0-4° C temperaturda 72 saat, -18° C temperaturda isə 8-10 ay müddətində mal qonşuluğu prinsipi gözlənməklə saxlanıla bilər. Quş əti digər çiy qida məhsulları ilə eyni yerdə saxlanılmamalıdır, çünki bu zaman çarpaz çirklənmə (ətdə olan mikroorqanizmlərin digər qidalara nüfuz etməsi) baş verə bilər.
Quş əti və quşçuluq məhsullarının daşınması və realizasiyası prosesində baytarlıq-sanitariya qaydalarına riayət olunması da vacibdir. Belə məhsullar nəqliyyat vasitələrində açıq şəkildə, müvafiq temperatur rejiminə riayət olunmadan və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmamalıdır.
Quşçuluq məhsullarından olan yumurtadan istifadə zamanı da baytarlıq-sanitariya və gigiyena qaydalarına riayət etmək vacibdir. Yumurta istehsal yerindən istehlakçıya çatdırılana qədər bütün mərhələlərdə təmiz, quru, birbaşa günəş şüası düşməyən yerdə və müvafiq temperatur rejimində (5-12° C) saxlanılmalıdır. Ev şəraitində yumurta soyuducuda saxlanıldığı zaman mal qonşuluğu prinsipi gözlənilməlidir. Qırılan yumurta ya dərhal istifadə edilməli, ya da dondurularaq soyuducuda 4° C-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
Beləliklə, qeyd olunanlar nəzərə alınarsa, quş əti və quşçuluq məhsullarının istehlakı zamanı əmələ gələn təhlükələr azalar və insan orqanizmi üçün bu vacib məhsuldan enerji mənbəyi kimi daha çox faydalanmaq mümkün olar.