Salmonellyoz xəstəliyindən necə qoruna bilərik?
18 Noyabr 2022 00:00
Salmonellyoz (tif, paratif-Lat. salmonellosis) quşların, ev və çöl heyvanlarının iti, yarımiti, xroniki gedişə malik infeksion xəstəliyidir. Xəstəlik hərarətin yüksəlməsi, mədə-bağırsaq pozuntusu, intoksikasiya və septisemiya ilə xarakterizə olunsa da, bəzən latent formada (simptomsuz) biruzə verir. Xəstəliyin törədicisi Enterobacteriaceae ailəsinə və Salmonella cinsinə mənsub olan qrammənfi, spor əmələ gətirməyən, çubuqvari, hərəkətli, aerob və ya fakültətiv anaerob polipatogen bakteriyalardır. Salmonella cinsinə mənsub olan bu bakteriyaların iki növü (S.enterica və S.bongori) və 2500-dən çox serotipi mövcuddur ki, onların da əksəriyyəti qida toksikoinfeksiyası kimi tanınır.
Zoonoz xəstəlik olduğundan salmonellyoza insanlar da yoluxur. Quşçuluq məhsullarından quş əti və yumurta ilə insanların bu infeksiya növünə yoluxmasına daha çox təsadüf edilir. Belə ki, bu məhsulların çirklənməsinə səbəb olan qida infeksiyalarından biri də salmonellalardır. Qeyd edək ki, soyuducuda bir aydan çox saxlanıldığı təqdirdə, yumurtanın səthində mövcud olan salmonellalar daxilə nüfuz edərək yumurta sarısında sürətlə artıb çoxalır. Bu da yumurtanın potensial xəstəlik mənbəyinə çevrilməsinə səbəb olur.
Bağırsaq infeksiyası kimi tanınan salmonellyoza cavan və körpə heyvanlar daha çox yoluxur. Xəstəliyə yoluxma əsasən alimentar (ağız yolu ilə), nadir hallarda aerogen (tənəffüs yolu ilə) və bətndaxili, anadan balaya ötürülmə yolu ilə baş verir. Patogen törədicilər bağırsaqda artıb-çoxalaraq neyrotrop xüsusiyyətə malik endotoksinlər ifraz edir ki, bu da heyvanlarda diareyaya səbəb olur. Limfa sisteminə və qan dövranına daxil olan törədicilərin, eləcə də onların həyat fəaliyyətinin məhsulu olan toksinlərin təsirindən orqanizmdə septisemiya, hətta mərkəzi sinir sisteminin pozuntuları baş verir. Bəzən orqanizmin immun sisteminin zəifləməsi heyvanların bağırsaq mikroflorasında adi həyat tərzi keçirən salmonellaların aktivləşərək xəstəliyə səbəb olması ilə nəticələnir.
Salmonellyozun mənbəyi xəstə və xəstəlik keçirmiş heyvanlar, infeksiya ilə çirklənmiş yem, su, süd, süd qabları və s. hesab olunur. İtlər, pişiklər, vəhşi quşlar, həşəratlar və sinantrop gəmiricilər xəstəlik daşıyıcısı kimi qeyd edilir.
İnsanlar salmonellyoza xəstə heyvanlarla təmas nəticəsində, heyvan və quş kəsimi zamanı, həmçinin xəstəlik törədicisi ilə çirklənmiş və zəruri termiki təsirə məruz qalmayan çiy və ya yarımbişmiş heyvan mənşəli məhsulların (ət, süd və balıq məhsulları, yumurta və s.) istehlakı ilə yoluxurlar. Xüsusilə heyvan kəsimi və heyvan mənşəli məhsulların daşınması, saxlanması və realizasiyası dövründə yol verilən nöqsanlar insanların salmonellyoza yoluxma riskini artırır.
Xəstəliyin inkubasiya dövrü törədicinin virulentliyi və orqanizmin davamlılığından asılı olaraq dəyişir və adətən 1-10 gün təşkil edir. Xəstəliyə diaqnoz epizootoloji məlumatlar, kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər və laboratoriya müayinələri (seroloji və bakterioloji) əsasında qoyulur.
Salmonellaların normal inkişafı üçün mühitin pH göstəricisinin 7,2-7,4 və temperaturun 35-37 dərəcə olması optimal hesab edilir. Xarici mühit amillərinə qarşı davamlı olan bu bakteriya növü torpaq və peyində 10-18 ay, suda 4-5 ay, ət və kolbasa məhsullarında 2-5 ay, dondurulmuş ətdə 6-12 ay, süddə 10-20 gün, pendirdə 12 ay, yumurta qabığında isə 2-3 aya qədər sağ qala bilir. Lakin termiki təsirə davamsız olan salmonellalar 70 dərəcə və daha yüksək temperaturun təsirindən 5-10 dəqiqə dezinfeksiyaedicilərin (2 faizli fenol, 3 fazili natrium hidroksid, 5 faizli aktiv xlor və 3 faizli formaldehid məhlulu) təsirindən isə 15-20 dəqiqə ərzində tələf olur.
Xəstəliyə qarşı mübarizə tədbirləri çərçivəsində heyvanların yaxşı bəslənməsi, heyvan kəsimi və heyvan mənşəli məhsulların tədarükü dövründə baytarlıq-sanitariya və sanitar-gigiyenik qaydaların təmin olunması, heyvanlar arasında spesifik və ümumi profilaktik tədbirlərin (peyvəndləmə, dezinfeksiya, dezinseksiya və deratizasiya) həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Beləliklə, nəzərə almaq lazımdır ki, xəstəlik törədicisi, eləcə də qida toksikoinfeksiyası kimi tanınan salmonellalar qida zəncirinin bütün mərhələlərində insan sağlamlığı üçün risk amili hesab edilir. Odur ki, insanların salmonellyoz və digər bu kimi zoonoz infeksiyalardan qorunması üçün heyvanların yetişdirilməsi və heyvan mənşəli qida məhsullarının tədarükü qida təhlükəsizliyi tələbləri çərçivəsində həyata keçirilməli və belə məhsulların istehlakı zamanı qida gigiyenası qaydalarına ciddi riayət olunmalıdır.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Elmi Araşdırmalar Mərkəzi" departamentinin mütəxəssisləri Q.Cəlladov, K.Əliyeva və R.Kəngərli tərəfindən hazırlanıb.