Saxtalaşdırılmış spirtli içkilərin orqanizmə təsiri
17 Dekabr 2021 00:00
Spirtli içkilərin keyfiyyəti azaldıqca orqanizmə mənfi təsiri bir o qədər də artır. Bu tip məhsullar adətən qida spirtinin texniki spirtlə əvəz olunması, sintetik rəngləyicilərin və ətirləndiricilərin tətbiqi, tərkibindəki maddələrin digər əvəzedicilərlə dəyişdirilməsi və digər üsullarla qanunsuz olaraq saxtalaşdırılır. Qeyd edək ki, XX əsrin sonlarından etibarən belə bir fikir mövcuddur ki, alkoqolla bağlı xəstəliklərin və ölüm hallarının yüksək vüsət almasının əsas səbəbi bazarda aksiz markası olmayan, kustar üsulla hazırlanmış spirtli içkilərin və onların surroqatlarının qanunsuz satışı və istehlak olunmasıdır. Belə ki, bu cür spirtli içkilərin yüksək toksiki xüsusiyyətə malik olduğu ehtimal edilir. Kəskin zəhərlənməyə səbəb olan maddələr isə əsasən bu məhsulların surroqatları, yəni əvəzediciləridir. Etil spirti, biratomlu və çoxatomlu digər spirtlər, xloridləşmiş karbohidratlar və onların birləşmələri və ya bu maddələrin qarışıqları “yalançı” surroqatlar olub, təsir xarakterinə və ya orqanoleptik xüsusiyyətinə görə etanol kimi psixoaktiv təsir göstərir. Lakin sadalanan bu maddələrlə zəhərlənmənin klinik mənzərəsi çox vaxt etanol zəhərlənməsindən xeyli fərqlənir. Ən çox rast gəlinən zəhərlənmələrə səbəb metanol, propil (n-propanol, izopropanol), butil (n-butanol, butanol-2), amil spirtləri və onların izomerləri, etilenqlikol və onun efirləri və tetrahidrofurfuril spirtidir.
Qeyd edək ki, etanol və ya etil spirti (C2H5OH) homoloji biratomlu spirtlərin nümayəndəsi olub, standart şəraitdə uçucu, yanan, rəngsiz şəffaf mayedir. Etanol depressiv psixoaktiv maddədir və insanın mərkəzi sinir sisteminə inhibirləşdirici təsir göstərir.
Metanol və ya metil spirti (CH3OH) isə suda asanlıqla həll olan, rəngsiz, kəskin yandırıcı dada və qoxuya malik güclü toksiki maddədir. Metanol etanolun rektifikasiya prosesi nəticəsində əmələ gəlir və etanoldan çətin ayrılır. Metil spirtini etanoldan rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri kimya, əczaçılıq və ətir sənayesində denaturasiya, metilasiya və maddələrin ekstraksiyası proseslərində, boyalar və həlledicilərin istehsalında istifadə olunur. Buna baxmayaraq, metanol ucuz, aşağı keyfiyyətli və saxtalaşdırılma üsulu ilə hazırlanan alkoqollu içkilərin tərkibinə də əlavə olunur. Bu zaman istehlakçılar güclü zəhərlənmə halı, hətta ölüm təhlükəsi ilə üzləşirlər. Lakin nəzərə almaq lazımdır ki, hətta yüksək keyfiyyətli alkoqollu içkilərin tərkibində belə cüzi miqdarda da olsa, metanol var. Belə ki, spirtli içkilərin istehsalında istifadə olunan xam maddələrin tərkibindəki pektin maddəsinin pektinaza fermentinin köməyi ilə demotoksinləşdirməyə məruz qalması nəticəsində metanol əmələ gəlir.
Etil spirtinin rektifikasiyası zamanı metanol digər qarışıqlarla müqayisədə daha çətin şəkildə ayrılır. Orqanoleptik xüsusiyyətinə görə etil spirtindən o qədər də fərqlənməyən metil spirti letal zəhərlənmənin əsas səbəblərindən biridir. Metil spirtinin oksidləşmə tezliyi etil spirti ilə müqayisədə 3-6 dəfə çoxdur. Onun toksiki təsiri metabolitlərin – formaldehid və qarışqa turşusunun əmələ gəlməsi ilə izah edilir.
Spirtli içkilərin başlıca komponenti olan etanol molekulları zəif polyarizasiya etdiyinə görə orqanizmin hüceyrələrinin bioloji membranından asanlıqla keçir, zəif dissosiasiya edir, suda və lipidlərdə yaxşı həll olur, mədə (20 %) və nazik bağırsaqdan (80 %) sürətlə qana sorulur və təqribən 1-2 saatdan sonra qanda qatılığı maksimuma çatır. Etanol mədəyə düşdüyü ilk dəqiqələrdən etibarən intensiv qan dövranına malik olan beyin, qaraciyər, böyrək kimi orqanların toxumalarında aşkar edilir.
Həyat üçün təhlükə qanda etanolun qatılığı 3.0-3.99 q/l olduqda baş verir ki, bu da orqanizmin həssaslığının zəifləməsi (1-ci mərhələdə anesteziya) ilə müşayiət olunur. Daha sonra isə amneziya müşahidə edilir. Etanolun daha yüksək konsentrasiyalarında (4.0-7.0 q/l) isə tənəffüs tutulması və ürək fəaliyyətinin dayanması ilə əlaqədar ölüm halı baş verə bilər. Bütün spirtli içkilərin tərkibinin əsas komponenti olan etanol mərkəzi sinir sisteminə depressiv təsir göstərən, aşağı toksikiliyə malik, təbii psixoaktiv maddədir. Etanolun yüksək miqdarda istehlakı insanda reaksiya və diqqətin sürətinin azalması, hərəkətlərin və düşüncənin əlaqələndirilməsinin pozulması ilə nəticələnən sərxoşluğa səbəb olur. Alkoqolun həddindən artıq və müntəzəm istifadəsi isə alkoqolizmə gətirib çıxarır.
Spirtli içkilərin istehlakının orqanizmə mənfi təsirini yalnız toksiki cəhətdən izah etmək düzgün deyil. Belə ki, etanolun müxtəlif dozalarda istehlakı bir sıra xəstəliklərin üzə çıxması ilə nəticələnən orqanizmin biokimyəvi funksiyalarında dəyişikliklərin yaranması ilə xarakterizə olunur. Etanolun istehlakı ilə əlaqədar baş verən ölüm faizi dünya üzrə kişilərdə 6.3 %, qadınlarda 1.1 % təşkil edir. Alkoqolun yüksək miqdarda və uzunmüddətli istehlakı mədə-bağırsaq sisteminin və süd vəzi xərçənginin, qastrit və mədə xorasının, pankreatitin inkişafı riskinin artmasına (içməyən insanlarla müqayisədə orta hesabla 40 %), eləcə də qaraciyər sirrozuna qədər gətirib çıxarır.
Metil spirtinin toksiki təsir mexanizmi çox mürəkkəbdir. Belə ki, həzm sistemi vasitəsilə orqanizmə daxil olan metanol tez bir zamanda qana sorulur və artıq 6 saatdan sonra onun miqdarı qanda ən yüksək həddə çatır. Etil spirtindən fərqli olaraq, metanol daha güclü, uzunmüddətli və dərin narkotik təsirə malikdir. Orqanizmdə metanolun oksidləşməsi etil spirtindən daha yavaş gedir ki, bu da onun toksiki təsir mexanizmi ilə izah olunur. Belə ki, metanolun oksidləşmə məhsulları olan formaldehid və qarışqa turşusu çox zəhərlidir. Zəhərlənmənin ağırlıq dərəcəsi birbaşa asidozun şiddətindən asılıdır. Metil spirti ilk növbədə hemoqlobinin tərkibində dəmirə və hüceyrənin fermentlərinə təsir göstərir ki, bununla da bədəndəki oksidləşdirici proseslərə maneə törədir. Nəticədə toxuma hipoksiyası yaranır, gözün torlu qişası və görmə siniri zədələnir.
Yüksək tündlülüyə malik spirtli içkilərin əsas toksikoloji göstəricilərindən biri olan metanol mədə-bağırsaq traktından sürətlə sorulur və oral yolla qəbulundan bir saat sonra qanda qatılığı maksimuma çatır. Bu maddə toxumalarda bərabər paylanır və qatılığı maye ilə zəngin olan orqanlarda daha yüksək olur. Metanolun bədəndən xaric olması prosesinin 50 %-i ağciyər, 10 %-i böyrəklər vasitəsilə gedir. Qəbul edilmiş metanolun 20 %-i sidik vasitəsilə qarışqa turşusu şəklində xaric olur və 5-7 sutka ərzində sidikdə təyin edilə bilir.
Metanol öz-özlüyündə zəhərli deyil. Lakin o, toksiki metabolitlərə qədər metabolizə olunur ki, nəticədə asidoz, korluq, qan-damar sistemində pozuntular və ölüm hallarına səbəb olan formaldehid və qarışqa turşusu əmələ gəlir. Belə ki, qarışqa turşusu mitoxondrial sitoxromun oksidazasını ləngidir, bu isə öz növbəsində hüceyrə səviyyəsində hipoksiyaya səbəb olur və metabolik asidoza gətirib çıxarır.
Bir sözlə, toksiki maddələrin (metil spirti, sivuş yağları və s.) az miqdarı belə zəhərlənməyə səbəb olur və allergen, immunomodulyasiyaedici, genotoksiki təsir göstərir. Ona görə də istehlakçılar spirtli içki almazdan əvvəl onun həqiqiliyinə, keyfiyyətinə əmin olmalıdırlar. Etiket və markalanmasına xüsusi diqqət yetirməlidirlər.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Aynur Həsənova tərəfindən hazırlanıb.
İstinadlar:
1.Chastain G. Alcohol, neurotransmitter systems, and behavior // The Journal of general psychology, 2006. Т. 133, №4, С. 329, doi:10.3200/GENP.133.4.329-335.
2.National Center for Biotechnology Information. PubChem Database (2020) Methanol, CID=887, https://pubchem.ncbi.nlm.nih.gov/compound/Methanol.
3.Mowry JB, Spyker DA, Brooks DE, McMillan N, Schauben JL. 2014 Annual Report of the American Association of Poison Control Centers' National Poison Data System (NPDS): 32nd Annual Report. Clin Toxicol 2015; 53: 962-1147.
4.Jacobsen D, McMartin KE. Antidotes for methanol and ethylene glycol poisoning. J Toxicol Clin Toxicol 1997; 35: 127-143.
5.Kruse JA. Methanol poisoning. Intensive Care Med 1992; 18: 391-397.
6.Institute for Occupational Safety and Health. "The Emergency Response Safety and Health Database: Methanol". 2009.
7.Zakhari S. (2006) Overview: how is alcohol metabolized by the body? Alcohol research & health, 29(4): 245–254.
8.Токсическое действие алкоголя (2013) Министерство Здравоохранения Российской Федерации. Ассоциация клинических токсикологов. Клинические рекомендации. 35 c.
9.Rehm J, Mathers C, Povova S, Thavorncharoensap M, Teerawattananon Y, Patra J., Global burden of disease and injury and economic cost attributable to alcohol use and alcohol-use disorders. National Center for Biotechnology Information, U.S. National Library of Medicine, 2009, www.ncbi.nlm.nih.gov
10.Rehm J., Shield K., Alcohol consumption. In: World Cancer Report of WHO, 96–104, 2014.
11.Ramstedt M., Alcohol and pancreatitis mortality in the population level: experiences from 14 western countries. Addiction, 99: 1255–1261, 2004.
12.Singletary K.W., Gapstur S.M., Alcohol and breast cancer: review of epidemiologic and experimental evidence and potential mechanisms. J. Amed. Med. Assoc., 286(17): 2143–2151, 2001.
13.Садовникова И.И., Циррозы печени. Вопросы этиологии, патогенеза, клиники, диагностики, лечения. Русский медицинский журнал, Т. 5, № 2, 2003.
14.Бурчинский В.Г., Кахановский Ф.Н. Судебно-медицинская токсикология фальсификатов на основе этилового спирта. Криминалистика и судебная экспертиза, 58(1): 425–438, 2013.
15.Cарманаев С.Х., Иванов В.Б., Ахметов И.Р., Токсическое действие метилового спирта: экстренная медицинская помощь. ВЕСТНИК Клинической больницы № 51, с. 24–29, 2017.