Şəkərdəki zərər
21 Dekabr 2023 17:07
Şəkərdən istifadə yeməklərə və içkilərə ləzzət qatmağın ən populyar yollarından biridir. Lakin bu cazibədar dad orqanizmimizə özü ilə birlikdə sağlamlıq üçün risklər də gətirə bilər.
Dadlı təhlükənin incə cizgisi
Normal miqdarda şəkər faydalı və hətta zəruridir. Normadan artıq olduqda isə piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaratmaqla və hətta bir neçə tədqiqatın nəticələrinə əsasən, bəzi xərçəng xəstəlikləri riskini artırmaqla şəkər “zəhər”ə çevrilə bilər.
Bəs nə qədər?
Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə və uşaqlara gündəlik sərbəst şəkər qəbulunu təxminən 25 qrama (6 çay qaşığı) qədər azaltmağı tövsiyə edir. Buraya təkcə qənd, şəkər tozu, mürəbbə, şərbət, şirniyyatların tərkibindəki şəkər deyil, həm də meyvə və tərəvəzlərin, balın tərkibində təbii halda olan şəkərin, eləcə də şirinləşdirilmiş içkilərin, qablaşdırılmış qidaların tərkibindəki şəkərin miqdarı da aid edilir.
“Şirin təhlükə”
Narkotik, spirt və nikotin tərkibli məhsulların istifadəsinin zərəri və bu maddələrdən asılılığın yaranma təhlükəsi fəal şəkildə işıqlandırılsa da, şəkər istehlakının təhlükələri haqqında çox az məlumat var. Bu məqalə oxucuları öz qida seçimləri barədə düşünməyə və bu mühüm məsələ ilə bağlı düzgün qərarlar qəbul etməyə dəvət edir.
Şəkər asılılıq yarada bilərmi?
Bəli, emal olunmuş şəkərin həddən artıq istifadəsi asılılıq yaradır. Müəyyən edilib ki, şirin qidalar qəbul olunduqda psixotrop maddənin və alkoqolun qəbulundan sonra olduğu kimi beynin eyni sahələri aktivləşir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində "xoşbəxtlik hormonu" ifrazını stimullaşdırır. Şirniyyatdan kəskin imtina cəhdi beyində bu hormona ehtiyac yarada bilər ki, bu da nəticədə şəkər asılılığı olan şəxsdə daha çox həcmdə şirniyyat yemək istəyi yaradır. Bu səbəbdən şirniyyatı çox istehlak edənlərə şirniyyat qəbulunu tədricən azaltmaq tövsiyə olunur.
“Tərkibində şəkər yoxdur” yazılan qidalar haqqında həqiqətlər
Marketinqdə istifadə olunan hiylələrdən biri də məhsulların üzərindəki “tərkibində şəkər yoxdur” məlumatıdır. Əslində bu, yalan deyil. Həmin məhsulların tərkibində həqiqətən hamımızın tanıdığı ağ şəkər olmaya bilər. Lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, müxtəlif sirop növləri və baldan istifadə edilə bilər. Bu hal şəkər istehlakını azaltmır. Sadəcə “sağlam qida” kateqoriyasına aid edilməklə həmin məhsulun qiyməti artırılır.
Yağışdan çıxıb yağmura düşməyək - şəkər əvəzediciləri
Şəkər əvəzediciləri adi şəkərdən 20-40, hətta bəzi növləri 200 dəfəyədək daha çox şirindir və təqribi 3000 adda məhsula (siroplar, yoqurtlar, tez hazırlanan səhər yeməkləri, dondurulmuş yarımfabrikatlar, hazır şorbalar, konservləşdirilmiş meyvə-tərəvəzlər, ketçup və souslar, saqqız, qazlı sular, qablaşdırılmış bir çox qidalar və s.) əlavə edilir.
Şəkər əvəzediciləri şəkərli diabet xəstəliyi olan və ya arıqlamaq arzusunda olan insanların əsas qida atributu hesab edilir. Lakin unutmaq lazım deyil ki, normadan artıq istifadə olunduqda miqren, baş ağrıları, depressiya, allergik reaksiyalar, ishal, o cümlədən qaraciyər zədələnməsi, insulin dirənci, xroniki iltihaba meyillilik, ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.
“Şəkər” labirintində kompas
Diabet xəstəliyinə bir labirint kimi baxsaq, sağlam qidalanmanın bizi düzgün istiqamətə yönəldən kompas olduğunu deyə bilərik. Qidalanma l tip diabetdə qan şəkərinə nəzarət etmək üçün vacibdirsə, ll tip diabetdə daha çox xəstəliyin qarşısının alınması və idarə edilməsində mühüm rol oynayır.
Şəkərsiz həyat - sağlam həyat. Bu həyatı seçmək sənin əlindədir...
Sağlamlıq hər kəsin şəxsi seçimindən və həyat tərzindən asılıdır. Lakin bu bir həqiqətdir ki, şəkərin həyatımızdakı rolunu və qidalanma vərdişlərimizi yenidən nəzərdən keçirmək uzunmüddətli sağlamlığımız üçün çox vacibdir.
Qısa tövsiyə
Çayı şokolad, mürəbbə və şirniyyat əvəzinə təzə və ya qurudulmuş meyvə və giləmeyvələrlə içmək, susuzluğu şəkərli içkilərlə deyil, su ilə dəf etmək, yemək hazırlayarkən isə minimum şəkər əlavə etmək və ya ümumiyyətlə əlavə etməmək, üzüm, armud kimi həddindən artıq şirin meyvələri limitli qəbul etmək daha məsləhətlidir.
Etiketə diqqət!
Alarkən qidaların etiket məlumatlarını oxuyun. Məhsulun tərkibindəki inqrediyentlər onların miqdarının azalması istiqamətində yazılır. Yəni inqrediyent siyahının başındadırsa, deməli, onun məhsulda miqdarı çoxdur.

Məqalə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Validə Sadıxova tərəfindən hazırlanıb.
Oxşar xəbərlər
EPPO-nun Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib
Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Görüşdə pestisidlərin səmərəliliyinin qiymətləndirilməsində dronlardan, multispektral kameralardan və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə olunub. İclasda rəqəmsal texnologiyaların tətbiqinə dair materialların ekspert rəyləri əsasında təkmilləşdirilməsi və EPPO-nun müvafiq ekspert qruplarına təqdim olunması planlaşdırılıb.
ADA Universitetində Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib. FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir. Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib. Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Sumqayıt şəhərində, Xaçmaz və Yardımlı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Giriş