Sitrus ağqanadlısı və onunla mübarizə tədbirləri
5 May 2022 00:00
Hazırda dünyanın 50-yə yaxın ölkəsində yayılan Cənub-Şərqi Asiya mənşəli Sitrus ağqanadlısı (Dialeurodes citri) sitrus bitkilərinin əsas zərərvericilərindən biridir. Azərbaycanda ilk dəfə 60-cı illərdə rast gəlinən zərərverici respublikanın müxtəlif bölgələrində, xüsusən də sitrus meyvəçiliyi inkişaf etmiş cənub bölgəsində geniş yayılıb. Sitrus ağqanadlısı təsərrüfat əhəmiyyətli bir sıra meyvə və dekorativ bitkiləri qida rasionuna “daxil etsə” də, əsas ziyanı sitrus bitkilərinə vurur. Onun sahib bitkiləri limon, naringi, portağal, xurma, əncir, göyrüş, sarmaşıq, Adi daşsarmaşığı, jasmin, Nəcib dəfnə, Adi birgöz, maqnoliya, Adi oleandr, mərsin, Adi mərsin, gavalı, Adi nar, armud, gənəgərçək, moruq, mərəvcə, Adi yasəmən Çəhrayı alma, qaragilə və s. bitkilərdir.
Sitrus ağqanadlısı bitkiyə çiçəkləmə, meyvəvermə, məhsul yığımından sonrakı və vegetativ orqanların böyümə mərhələlərində ziyan vurur. Ağqanadlılar bitkinin şirəsini soraraq onu zədələyir.
Zərərvericinin bitkiyə, xüsusən də, meyvə bitkilərinə vurduğu ziyan məhsul itkisi ilə nəticələnir. Belə ki, meyvə bitki yarpaqlarının 20%-nin növün sürfələri tərəfindən zədələnməsi məhsuldarlığın 5-10%, 50%-nin zədələnməsi 50-55% azalmasına, yarpaqların 75%-nin zədələnməsi isə praktiki olaraq, məhsulun tam itirilməsinə səbəb olur.
Zərərvericinin ölkəyə daxil olması üçün ən çox ehtimal olunan yollar konteynerlər, taxta qablaşdırma materialları və bütün növ nəqliyyat vasitələri hesab edilir. Sitrus ağ qanadlısının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitələrlə yayılır.
Zərərli orqanizmə qarşı yerli şərait nəzərə alınmaqla özündə fitosanitar, kimyəvi, bioloji, fiziki və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Fitosanitar mübarizə tədbirləri zamanı ciddi karantin rejimi tətbiq olunmalı, Sitrus ağqanadlısı yayılmış ölkələrdən idxal olunan bütün yüklər (əl yükləri də daxil olmaqla) və nəqliyyat vasitələri daşıdıqları yükün təyinatından asılı olmayaraq nəzarətdə saxlanılmalıdır. Sərhəd keçid məntəqələrində çalışan və fitosanitar nəzarəti həyata keçirən əməkdaşlar zərərverici haqqında məlumatlı olmalıdır.
Zərərvericiyə qarşı səmərəli kimyəvi mübarizə vasitələri kimi pestisidlərdən istifadə edilir. İlk kimyəvi dərmanlama qışlamadan çıxan yetkin fərdlərə qarşı axşam saatlarında havanın temperaturunun aşağı düşdüyü zaman aparmaq lazımdır. Çünki bu zaman zərərvericinin aktivliyi də azalır. Həmçinin, müasir və geniş tətbiq olunan üsullardan biri delta, aqreqasiya tipli feromonlu və işıq tələlərdən istifadə edilməsidir. Həftədə 1 dəfə olmaqla həmin tələlər yoxlanılır. Ekspertiza üçün tələlərə düşən həşəratlardan nümunə götürülür. Lazım gəldikdə həmin tələlərin üzərinə kimyəvi qatqılı yapışqan maye çəkilir. Bu zərərli orqanizm ilə mübarizə aparmaq üçün pestisidlərin yaşayış məntəqələrində istifadəsi qadağandır.
Beləliklə, karantin obyekti olan Sitrus ağqanadlısının polifaqlığı, yayıldığı ərazinin iqlim şərtlərindən asılı olaraq il ərzində 1-3 nəsil verməsi, sitrus bitkilərinə, meyvələrə və dekorativ bitkilərə güclü ziyan vurmaq qabiliyyəti, yayılma tezliyi və yüksək məhsuldarlığı onun təhlükəli zərərverici olduğunu deməyə imkan verir. Həmçinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilməlidir.
Elmi məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Elmi tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Nəzakət Mirzəzadə tərəfindən hazırlanıb.