Təhlükəli alaq bitkisi - yovşanyarpaqlı ambroziya
30 İyun 2021 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Bitki sağlamlığı şöbəsinin mütəxəssisi Tərlan Qorçiyevanın hazırladığı budəfəki maarifləndirici mövzumuz isə bitkiçilik məhsullarının keyfiyyətinə və məhsuldarlığına ciddi ziyan vuran alaq otlarından biri - yovşanyarpaqlı ambroziya haqqındadır.
Əkin sahələrinin alaq otlarından təmiz saxlanılması vacib aqrotexniki tədbirlərdəndir. Alaq otları kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və keyfiyyətinə ciddi ziyan vurur. Ona görə də bitkilərin alaq otlarından mühafizəsi üçün aparılan tədbirlər davamlı və məqsədyönlü olmalıdır. Belə zərərli alaq otlarından biri də yovşanyarpaqlı ambroziyadır.
Karantin əhəmiyyətli alaq otu yovşanyarpaqlı ambroziya (Ambrosia artemisiifolia L.) astrakimilər (Asteraceae) və ya mürəkkəbçiçəklilər (Compositeae) fəsiləsinə aid birillik ot bitkisidir. Qeyd edək ki, Avropada bu bitki 1860-cı ildən müşahidə olunub və Amerikadan gətirilmiş yonca toxumları vasitəsilə yayıldığı ehtimal edilir. Yovşanyarpaqlı ambroziya 1873-cü ildə Almaniyada, 1918-ci ildə Rusiyada, 1925-ci ildə Ukraynada aşkar edilib. 1997-ci ildə isə Türkiyədə ilk dəfə Trabzonda yol kənarlarında, daha sonra isə Qara dəniz bölgəsində müşahidə olunub. Macarıstan, Avstriya, Slovakiya, Latviya, Litva, Estoniya və Fransa da ambroziyanın daha geniş yayıldığı ölkələr sırasındadır. Hətta bu təhlükəli alaq otu ilə Macarıstanda kənd təsərrüfatı təyinatlı torpaqların 85 %-i (Macarıstan ərazisinin 7,5 %) sirayətlənib.
Təhlükəli daxili karantin obyekti olan ambroziya respublikamızda ilk dəfə 1962-ci ildə Balakən rayonu ərazisində müşahidə olunub. Hazırda əsasən Balakən, Zaqatala, Qax, Şəki və Tovuz rayonunun ərazisində məhdud dairədə yayılsa da, ətraf bölgələrə keçmə təhlükəsi vardır. Yovşanyarpaqlı ambroziya əsasən çaylar, suvarma kanalları, külək, kənd təsərrüfatı ləvazimatları, toxum materialı, zibil tullantıları, nəqliyyat vasitələri və digər amillərlə yayılır. Bitkinin hündürlüyü 20-180 sm, əlverişli şəraitdə isə 2-2,5 m-ə çatır. Xarici görünüşü bir qədər çətənə və yovşanı xatırladır. Gövdəsi dik, yuxarı hissəsi isə şaxəlidir. Yarpaqları üst tərəfdən tünd, alt tərəfdən isə açıq-yaşıl rəngli, üzəri isə qısa tükcüklərlə örtülü olur. Bitkinin çiçəklənməsi iyul-avqustda, toxumların yetişməsi isə sentyabr-oktyabr aylarında baş verir. Yovşanyarpaqlı ambroziya bəzi tarla bitkilərini (dənli bitkilər, qarğıdalı, soya, günəbaxan, yerkökü, çuğundur və s.), çəmənlikləri, otlaqları, meyvə və üzüm bağlarını sirayətləndirir. Bu təhlükəli alaq otu mədəni bitkilərin boy atmasını ləngidən xlorogen, izoxlorogen turşularını və müxtəlif efir yağlarını intensiv surətdə sintez edir və nəticədə ciddi məhsul itkisinə səbəb olur. Növün invaziv xüsusiyyəti uzun müddət toxumlarının cücərmə qabiliyyətini saxlaması (50 ilədək), kiçik toxumlarının (5 mm) mədəni bitkilərin toxumlarına qarışması, güclü kök sistemi, sellərə dayanıqlılığı, istiyə, torpağın nəmliyinə və günəş şüasına tolerantlığından qaynaqlanır.
Geniş yayıldığı ərazilərdə ambroziya kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaltmaqla, məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, həm də insan sağlamlığına mənfi təsir göstərir. Belə ki, təhlükəli alaq otunun çiçəkləmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər - ambroziya polinozları əmələ gətirir. Belə insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və iş qabiliyyəti zəifləyir. Bir müddət sonra isə allergik reaksiyalar bronxial-astmaya çevrilir. Ambroziya tozcuqlarının yaratdığı allergiya o qədər dayanıqlıdır ki, hətta bitkinin bitmədiyi yerlərdə belə həmin insan xəstəliyin əlamətlərindən əziyyət çəkir. Yovşanyarpaqlı ambroziyanın tozcuqları küləklə uzaq məsafələrə yayılır. Qeyd edək ki, bitkinin nisbətən çox yayıldığı ərazilərdə insanlar arasında allergik xəstəliklərə - ambroziya polinozlarına daha sıx rast gəlinir.
Mütəxəssislərin qənaətinə görə, yovşanyarpaqlı ambroziya (A.artemisiifolia) tozcuğu geniş yayılmış aeroallergenlərdən biridir. Hətta bu növün tozcuqlarında 22 allergen müəyyən edilib ki, onlardan 6-sı daha təhlükəli allergen sayılır.
Ambroziya heyvandarlıq üçün də təhlükəlidir. Belə ki, ambroziyanın qalıqları ilə qarışmış yemlə qidalanmış heyvanın məhsulu acı dad və xoşagəlməz iy verir.
Qeyd edək ki, məhsuldarlığın artırılması üçün karantin alaq otlarına qarşı kompleks tədbirlərin aparılması şərtdir. Düzgün təşkil edilmiş mübarizə sistemi alaq otlarının kütləvi surətdə çoxalıb artmasının qarşısını alır. Həmçinin yovşanyarpaqlı ambroziyanın toxumları ilə sirayətlənmiş yemlərin, toxumların və digər kənd təsərrüfatı məhsullarının alaq otundan azad ərazilərə daşınmasının qarşısı alınmalı, ilkin və təcrid olunmuş ocaqların məhv edilməsi üçün vaxtında effektiv aqrotexniki tədbirlər həyata keçirilməlidir.