Təsərrüfatların zərərli orqanizmlərdən qorunması və sağlam məhsul istehsalı üçün zəruri tövsiyələr
18 May 2022 00:00
Bitki mühafizə qaydalarına düzgün əməl etməklə əkin sahələrindən daha keyfiyyətli və yüksək məhsul əldə etmək və iqtisadi gəlir səviyyəsini yüksəltmək mümkündür. Odur ki, zərərli orqanizmlərlə mübarizədə kompleks şəkildə aqrotexniki, fiziki, mexaniki, kimyəvi və bioloji üsullardan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Zərərli orqanizmlərin bitkilərdə yaratdığı məhsul itkisinin qarşısının alınması məqsədilə təbii tarazlığı qorumaq üçün ekoloji cəhətdən uyğun mübarizə üsulları və inteqrasiya olunmuş zərərvericilərlə mübarizə sistemləri tətbiq edilməyə başlanılıb ki, bu da kimyəvi mübarizə üsullarından istifadənin azaldılmasına imkan verir. Bitki mühafizəsində əsas prinsip təbii tarazlığı pozmadan zərərvericilərin populyasiyalarının mümkün qədər uzun müddət ərzində iqtisadi zərər səviyyəsindən aşağı səviyyədə saxlanılmasıdır. İlk növbədə zərərvericilərə qarşı daha davamlı bitki sortları seçilməlidir. Burada təmiz toxum, ting, şitil və s. seçilməsi xəstəlik və zərərvericilərlə mübarizə baxımından vacib hesab olunur. Əkinçilikdə sertifikatlı toxumlardan istifadə etmək xüsusi əhəmiyyət kəsb edir.
Zərərvericilərin çoxalmasının və inkişafının qarşısını alan aqrotexniki tədbirlərin həyata keçirilməsi məhsulların zərərvericilərdən qorunmasını təmin edir. Burada məqsəd sadəcə zərərvericilərin məhv edilməsi deyil, eyni zamanda profilaktiki tədbirlərlə zərərvericilərin bitkilərə yoluxması və ya çoxalmasının qarşısının alınması, məhsulların zərərli orqanizmlərdən qorunmasıdır. Aqrotexniki tədbirlər sayəsində zərərvericilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla, orqanik əkin sahəsinin çirkləndirməsinin qarşısı alınır və populyasiya sıxlığının azalması və məhv edilməsinə nail olunur.
Bitkilərin sağlam böyüməsi və məhsuldarlığının artırılmasında hava, işıq, torpağın quruluşu və pH-ı əsas amillərdən hesab olunur. Qeyd olunanlar torpaqda daimi yaşayan və ya müəyyən inkişaf mərhələlərini torpaqda keçirən zərərvericilərə qarşı mübarizədə mühüm yer tutur. Eyni zamanda bitkilərin becərilməsi, budama, suvarma və ya gübrələmə kimi qulluq üsulları vaxtında və müvafiq qaydada aparılmalıdır. Xüsusilə, intensiv əkinçilikdə bitkilərin zəruri qida maddələrinə olan tələbatının ödənilməsində gübrələmə mühüm əhəmiyyət kəsb edir. Balanslı və vaxtında həyata keçirilən gübrələmə bitkilərin inkişafına müsbət təsir göstərir. Paralel olaraq, həyata keçirilməsi zəruri olan fitosanitar tədbirlərə əkin sahələrində və ya istixanalarda xəstə bitkilər və ya bitki hissələrinin toplanaraq sahədən kənarlaşdırılması və məhv edilməsini şamil etmək olar.
Drenaj və suvarma bitkilərin vegetativ inkişaf mərhələsində çox önəmlidir. Belə ki, artıq suvarılma və ya su azlığından bitkilərin fizioloji inkişafı ləngiyir. Su mühiti bəzi zərərvericilərin inkişafına müsbət, digərlərinə isə mənfi təsir göstərir. Su saxlayan torpaqlarda isə torpaqla ötürülən xəstəliklər ciddi problem yaradır. Bu səbəbdən meyvə bağlarında və tərəvəz sahələrində suyun yığılmasının qarşısını almaq üçün torpağın drenajı və havalandırılması təmin edilməlidir.
Məhsulun yığım vaxtının tənzimlənməsi sağlam bitki mənşəli məhsulların istehsalında ən vacib mərhələlərdəndir. Belə ki, məhsul yığımı bitkiyə zərər verəcək və məhsul itkisinə səbəb olacaq zamanda aparılmamalıdır. Torpaqda davamlı olaraq eyni bitkilərin yetişdirilməsi torpağın məhsuldarlığının azalmasına (gücdən düşməsinə) səbəb ola bilər. Bundan əlavə, eyni bitkinin becərilməsi xəstəliklər və zərərvericilərin sıxlığını da artıra bilir. Bu səbəbdən növbəli əkin sisteminə üstünlük verilməlidir. Bitki qalıqlarının və alaq otlarının sahədən təmizlənməsi, zərərli və xəstə budaqların budanması və məhv edilməsi sonrakı istehsal üçün çox vacibdir. İnkişafının müəyyən dövrlərində budanma bəzi bitkilərin güclü inkişaf etməsinə, zərərverici və xəstəliklərə daha az məruz qalmasına səbəb olur. Budanma zamanı zərərvericilərlə çirklənmiş bitki hissələrinin çıxarılması onların populyasiyasının azalmasına təsir edir. Torpağın becərilməsi və budanmada istifadə olunan alətlər bir əkin sahəsindən digərinə aparılacağı təqdirdə mütləq şəkildə təmizlənməli və dezinfeksiya edilməlidir.
Bitkilərin zərərli orqanizmlərdən mühafizəsində mühüm və geniş istifadə edilən üsul kimyəvi (pestisidlərlə) mübarizədir. Bu metod həm qısa müddətdə təsirli olması, həm də ən az xərc tələb etməsi baxımından əhəmiyyətlidir. Lakin kimyəvi preparatların kortəbii istifadəsi maliyyə xərclərinə, insan sağlamlığına, ətraf mühitə və ticarətə mənfi təsir göstərir. Zərərvericilərlə mübarizədə pestisidlərin istifadəsini minimuma endirməklə, bioloji metodların tətbiqi, o cümlədən bitkilərin xəstəliklərə qarşı müqavimətinin artırılmasında yaxşı kənd təsərrüfatı təcrübəsi (GAP) ən yaxşı seçimdir. Belə ki, bu seçim məhsulun keyfiyyətinə zəmanət verməklə, xərcləri azaldır, eyni zamanda ekoloji cəhətdən təmiz və dayanıqlı kənd təsərrüfatının inkişafını təşviq edir. İnteqrasiya edilmiş zərərvericilərlə mübarizə pestisidlərin düzgün istifadəsi ilə paralel həyata keçirilməlidir. Buraya pestisidlərin ticarəti, təhlükəsiz istifadəsi, utilizasiyası və nəzarəti daxildir. Ümumiyyətlə, fermer şəbəkələri, kənd təsərrüfatının genişləndirilməsi xidmətləri və elmi-tədqiqat institutları sağlam bitki məhsullarının yetişdirilməsində zərərvericilərlə mübarizə proqramlarının təkmilləşdirilməsi və həyata keçirilməsi sahəsində birgə əməkdaşlıq etməlidirlər.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin əməkdaşları Bürhanə Mürşüdova və Səidə Zeynalova tərəfindən hazırlanıb.