Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı mübarizə necə aparılmalıdır?
28 Oktyabr 2024 14:58
Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir və müxtəlif yollarla ətrafa yayılır. Belə ki, virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı ilə yayılır. Süd vəziləri yoluxduqda, virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla - həşəratlarla da yayıla bilir. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir. Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpkilərin yaranması, papulyozlu - pustulyozlu zədələrlə özünü büruzə verir.
Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Peyvəndlənmə dövlət tərəfindən pulsuz həyata keçirilir. Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Həmçinin təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Eləcə də təsərrüfatlara yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır. Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar olunduqda, qoyun və keçilər təcrid edilməli və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.
İnsanlar bu infeksiyaya yoluxmasalar da, onlar xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür.