Yeni il hədiyyə qutularını seçərkən nələrə diqqət yetirilməlidir?
22 Dekabr 2023 10:47
Qida Təhlükəsizliyi Agentliyi istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin Yeni il ərəfəsində vətəndaşlardan və mediadan daxil olan müraciətləri nəzərə alaraq, Yeni il hədiyyə qutularını seçərkən diqqət yetirilməli zəruri qaydalarla bağlı məlumatları çatdırır.
Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır. Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də, istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, Yeni il hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Yadda saxlamalıyıq ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.
Sadalananlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda, mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda, ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir.
Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Belə ki, valideynlər aldıqları məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına da diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və artıq çəkiyə səbəb ola bilər.
Sadalananlardan çıxış edərək vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.
Oxşar xəbərlər
EPPO-nun Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun iclası keçirilib
Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev iştirak edib. Görüşdə pestisidlərin səmərəliliyinin qiymətləndirilməsində dronlardan, multispektral kameralardan və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə olunub. İclasda rəqəmsal texnologiyaların tətbiqinə dair materialların ekspert rəyləri əsasında təkmilləşdirilməsi və EPPO-nun müvafiq ekspert qruplarına təqdim olunması planlaşdırılıb.
ADA Universitetində Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et. Sabahı qidalandır” şüarı altında Ümumdünya Qida Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolu müzakirə olunub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, müasir kənd təsərrüfatının inkişafında elm, innovativ texnologiyalar və səmərəli idarəetmə mühüm rol oynayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun strateji inkişaf istiqamətlərini müəyyən edir. Proqramda rəqəmsallaşma, resurslardan səmərəli istifadə, iqlimə davamlı istehsal və innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida təhlükəsizliyi sahəsində görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyacın olduğunu vurğulayaraq ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin əhəmiyyətini qeyd edib. Milli Məclisin üzvü və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ərzaq təhlükəsizliyində kənd təsərrüfatının roluna, məhsuldarlığın artırılmasına, təbii resurslardan səmərəli istifadəyə və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa diqqət çəkib. FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovasiyaların məhsuldarlığın artırılmasına və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” çərçivəsində dörd kəndə sertifikatlar təqdim olunub. Sertifikatlar kəndlərin dayanıqlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və icma rifahının yüksəldilməsi istiqamətində səylərini əks etdirir. Həmçinin “Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə qida sənayesinin inkişafı, məhsul keyfiyyəti və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib. Qeyd edək ki, Ümumdünya Qida Günü hər il oktyabrın 16-da FAO-nun təsis edildiyi gün münasibətilə qeyd olunur. Bu ilin mövzusu elmi nailiyyətlərin, rəqəmsal texnologiyaların və ənənəvi biliklərin aqroərzaq sistemlərinin dayanıqlı inkişafına töhfəsinə diqqət çəkir.
Nəzarət tədbirləri - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Sumqayıt şəhərində, Xaçmaz və Yardımlı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlayıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Giriş