Yuxarı tənəffüs yolları və ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslər düzgün və balanslı qidalanmalıdır
22 Aprel 2020 00:00
Yuxarı tənəffüs yolları xəstələri, xüsusilə ağciyər xəstələri COVID-19 virusunun yüksək risk qrupuna daxildirlər. Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.
Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.
Hər il qeydə alınan müxtəlif qrip epidemiyalarının əmələ gəlməsinə daha çox A və B virusları səbəb olur. C tipli qrip virusu geniş epidemiyalar törətmir. Epidemiyalar adətən payız-qış mövsümündə müşahidə olunur. Genetik strukturları daim dəyişən qripin yeni növləri əmələ gəlir. Ona görə də əhalinin onlara qarşı immuniteti olmur.
Xəstəliyin risk qruplarına daxildir:
- Yaşı 1-dən aşağı, 65-dən yuxarı olan insanlar;
- Ağciyərlərin immundefisitli halları olan insanlar;
- Xronik ürək-damar sistemini xəstəlikləri olan insanlar;
- Şəkərli diabet olan insanlar;
- Hamilə qadınlar və s.
Balanslaşdırılmış qidalanma yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlarda həm xəstəliyin profilaktikasında, həm də müalicəsində mühüm əhəmiyyət kəsb edir. Bu cür xəstəliklərdən əziyyət çəkən insanlara tərkibində C, D və E vitaminləri, antioksidantlar, minerallar, yağ turşuları ilə zəngin olan qidalardan istifadə etmək məsləhət görülür.
C vitamini ilə zəngin olan qidalar itburnu, qara qarağat, çaytikanı, sitrus meyvələridir. C vitamini immun sistemini möhkəmləndirir, soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanın tezləşdirir.
D vitamini ilə zəngin olan qida məhsullarına süd və süd məhsulları, balıq və balıq yağı, yumurta, qaraciyər, yulaf və s. daxildir. D vitamini immun sistemi və sümük-əzələ sistemini gücləndirərək orqanizmin xəstəliyə qarşı olan müqavimətini artırır.
E vitamini ilə zəngin olan qidalar badam, qoz, yer fıstığı, fındıq və quru paxlalı bitkilər hesab olunur. Bu qidalar ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə).
Yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlar gün ərzində bədən çəkilərinə uyğun olaraq maye qəbul etməlidirlər. Bu, zəhərləyici maddələrin orqanizmə təsirinin azaldılması üçün məsləhət görülür.
Tərkibi kalsium, dəmir, sink ilə zəngin olan qidaların, qatığın gündəlik qəbulu tövsiyə olunur.
Un və un məmulatları, şəkər qəbulu azaldılmalıdır. Belə ki, bu qidalar bağırsaq mikroflorasına mənfi təsir göstərərək mikrob artımına və son metabolizma qalığı olan karbon qazına parçalanaraq tənəffüs çatışmazlığına səbəb olur.