Zoonoz xəstəliklər – insan və heyvan sağlamlığı üçün potensial təhlükədir
5 İyul 2022 00:00
Hazırda insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu zoonoz xəstəliklər hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən, insan və heyvanlar üçün ümumi yoluxucu xəstəliklər belə adlanır.
Etiologiyasından asılı olaraq zoonozlar bakteriya, virus, helmint, göbələk və ibtidai mənşəli olaraq qruplaşdırılır:
Bakteriya mənşəli zoonoz xəstəliklər (bakteriozlar) – bakteriyalar tərəfindən törədilən qarayara, bruselyoz, tuberkulyoz, salmonelyoz, kampilobakterioz, listerioz, leptospiroz, tetanus, tulyaremiya və b. xəstəliklər bu qrupa daxildir.
Virus mənşəli zoonoz xəstəliklər (virozlar) – viruslar tərəfindən törədilən COVID-19, quş qripi, quduzluq, çiçək, dabaq, Qərbi Nil qızdırması və digər xəstəliklər bu qrupa daxil olmaqla, epidemiya və pandemiyaların baş verməsinə səbəb ola bilər.
Parazit mənşəli zoonoz xəstəliklər (helmintozlar) – bu qrupa helmintlər tərəfindən törədilən sistiserkoz, exinokokkoz, fassiolyoz, trixenellyoz, dioktofimoz, anizakidoz və b. xəstəliklər daxildir.
Göbələk (fungal) mənşəli zoonoz xəstəliklər (mikozlar) – törədicisi göbələklər olan dermatomikoz, kandidoz və b. xəstəliklər bu qrupa aid edilir.
İbtidai (protozoal) mənşəli zoonoz xəstəliklər (protozoozlar) – toksoplazmoz, sarkosistoz, leyşmanioz, lyamblioz və digər xəstəliklər ibtidailər tərəfindən törədilir.
İnsanların zoonoz xəstəliklərə yoluxması xəstəlik törədicisinin mənşəyindən asılı olaraq müxtəlif yollarla - kontakt yolu ilə (xəstə heyvan və ya insanla birbaşa təmas), alimentar (qidalanma), aerogen (respirator), dişləmə və ya sancmalar, travmalar nəticəsində baş verir.
Zoonoz xəstəliklərin insanlara yoluxmasında həşərat və gəmiricilər də böyük rol oynayır.
Müasir ədəbiyyatlarda “qida mənşəli zoonoz xəstəliklər” ifadəsinə də tez-tez rast gəlinir. Bu xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa Birliyi ölkələrində hər il 100 minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxması qeydə alınır. Qida mənşəli zoonoz infeksiyalara Salmonella spp, E.coli, Shigella spp, Campylobacter spp, Listeria spp və digərlərini şamil etmək olar.
Nəzərə almaq lazımdır ki, zoonoz infeksiyalar heyvan mənşəli qida məhsullarına qida zəncirinin aşağıdakı mərhələlərində sirayət edə bilər:
1. Heyvanların yetişdirilməsi dövründə- heyvan yemlərinin patogen mikroorqanizmlərlə çirklənməsi birbaşa olaraq heyvanların, dolayısilə isə insanların yoluxmasına gətirib çıxarır. Eləcə də helmintlərin və ya onların sürfələrinin qida məqsədilə yetişdirilən heyvanların əzələ toxuması və daxili orqanlarında lokalizasiya etməsi qida zəncirinin istehlak mərhələsində insanların yoluxmasına səbəb ola bilər.
2. Kəsim zamanı – sanitar-gigiyenik tələblərə riayət olunmadığı təqdirdə kəsim prosesində ət və ət məhsullarının mədə-bağırsaq möhtəviyyatı, dəri və s. ilə təması mikrobioloji çirklənməyə səbəb ola bilər.
3. Emal prosesində - çirklənmiş səthlər və ya xəstə insanlar vasitəsilə (tüpürcək, burun axıntısı və s.) qida məhsullarının çirklənməsi baş verə bilər.
4. İstehlak zamanı - hazır qida məhsulu müvafiq temperatur rejimində saxlanmadığı və ya termiki emal edilmədiyi (yaxşı qızdırılmadığı) halda patogenlərlə çirklənmə baş verə bilər.
Dünyada, eləcə də respublikamızda heyvan və insan sağlamlığı üçün potensial risk mənbəyi olan zoonoz xəstəliklər, eyni zamanda böyük iqtisadi itkilərə səbəb olur. Odur ki, zoonoz xəstəliklərlə mübarizə məqsədilə ilk növbədə xəstəliyin mənbəyi və yayılma yolları müəyyən edilməli və bunun əsasında qabaqlayıcı zəruri tədbirlər həyata keçirilməlidir.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Qiyasəddin Cəlladov, Səbinə Məmmədova, Çiçək Süleymanova, Kəmalə Əliyeva tərəfindən hazırlanıb.