AQTA ölkəyə yem məhsulları və yem əlavəsi idxal etmək istəyən sahibkarlara xəbərdarlıq edib
25 İyul 2024 18:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılan prosesdə məqsəd ölkə ərazisində dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir.
Agentlik bu cür yem məhsullarının idxalını həyata keçirmək istəyən sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdə qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağandır. Qanunvericiliyin tələblərinə uyğun olmayan yem məhsulları və yem əlavələrinin ölkəmizə idxalına Agentlik tərəfindən icazə verilməyəcək. Tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının, həmçinin yem əlavələrinin idxalını həyata keçirmək istəyən sahibkarlar qeydiyyat üçün Agentliyə ərizə və qərarda nəzərdə tutulan müvafiq sənədlərlə müraciət etməlidirlər.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarların nəzərinə çatdırır ki, qeydiyyata alınan həmin yem məhsulları və yem əlavələri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan zaman məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarəti həyata keçirilir. İdxal olunmuş yem məhsulu qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, AQTA tərəfindən idxal sağlamlıq aktı tərtib edilir ki, bu da idxalatçıya məhsul üzərində sərəncam vermək hüququ yaradır. Aparılan nəzarət tədbirləri nəticəsində həmin yem məhsulları qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, Agentlik tərəfindən həmin yem məhsulunun utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir.
Oxşar xəbərlər
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb. Qeyd edək ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə inşa olunmuş yeni heyvan bazarıdır. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.
Nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən sahibkar Cəfərov Xalid Fehruz oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə müşayiətedici sənədləri olmayan pendir istehsal olunduğu, istifadə edilən suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
“Su pəhrizi” ilə çəki vermək nə qədər sağlamdır?
Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır. Mütəxəssis bildirir ki, insan yalnız su qəbul etdikdə orqanizm artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri – suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başlayır. Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır. Tutu Zeynalova vurğulayır ki, çəki vermək istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş