İdxal olunan qida və yem məhsullarına dair tənzimləmə necə həyata keçirilir?
24 İyun 2023 12:29
Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi “Qida təhlükəsizliyi haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Qaydası”nda bildirilir. Qaydaya əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının ölkəmizin gömrük ərazisinə idxalına yol verilir. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, respublikamıza qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə AQTA-ya müraciət etməlidir. Qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma zamanı istinad edilən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyasına dair tələblər müəyyənləşdirən texniki normativ hüquqi aktların xarici səlahiyyətli qurumun müraciətinə uyğun olaraq hamısının, birinin və ya bir neçəsinin ekvivalentliyinin tanınması həyata keçirilə bilər.
Xarici səlahiyyətli qurum ekvivalentliyin tanınması üçün Agentliyə müraciət edərkən aşağıdakıları təqdim edir:
- xarici texniki normativ hüquqi aktları;
- müvafiq təsdiq, qeydiyyat, sertifikatlaşdırma və digər nəzarət tədbirləri barədə aidiyyəti normativ hüquqi aktları;
- xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlardan fərqli tələbləri və həmin tələblərin müvafiq milli texniki normativ hüquqi aktın müəyyən etdiyi sanitar mühafizəni eyni və ya daha yüksək səviyyədə təmin etməsinə dair elmi sübutlar və risk qiymətləndirilməsi nəticələrinə dair məlumatları;
- ekvivalentliyin tanınması üçün xarici səlahiyyətli qurumun zəruri hesab etdiyi digər məlumatları.
AQTA xarici səlahiyyətli qurumun bu Qaydaya əsasən tələb olunan məlumatları təqdim edə bilməsi üçün müvafiq məhsula dair aidiyyəti milli texniki normativ hüquqi aktın həmin xarici səlahiyyətli quruma təqdim olunmasını təmin edir. Təqdim olunan məlumatlar əsasında Agentlik tərəfindən müvafiq xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla fərqli tələblərinin sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsinə dair araşdırma həyata keçirilir və nəticələrinə dair hesabat hazırlanır. Araşdırma ən geci 2 ay müddətində başa çatdırılmalıdır. Araşdırmanın nəticələri əsasında xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, AQTA həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina olunması haqqında 10 iş günü müddətində qərar qəbul edir. Həmçinin qəbul olunan qərar barədə 7 iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir. Məlumatda ekvivalentliyin tanınması ilə bağlı qərarın qüvvəyə minməsi tarixi, ekvivalentliyin tanınmasından imtina edildikdə isə imtinaya əsas olmuş hallar qeyd edilməlidir. İmtina üçün əsaslar aradan qaldırıldıqdan sonra xarici səlahiyyətli qurum tərəfindən ekvivalentliyin tanınması üçün Agentliyə bu Qaydaya uyğun olaraq yenidən müraciət edilə bilər. Ekvivalentliyi tanınmış xarici texniki normativ hüquqi aktlar barəsində məlumat Agentliyin rəsmi internet səhifəsində dərc olunur. Ekvivalentliyi tanınmış xarici texniki normativ hüquqi aktlarda dəyişiklik baş verdikdə, xarici səlahiyyətli qurum bu barədə diplomatik kanallar vasitəsilə AQTA-ya məlumat verməlidir. Bu halda ekvivalentliyin tanınması barədə qərara Agentlik tərəfindən yenidən baxılır.
Qeyd edək ki, ekvivalentlik Azərbaycanın xarici ticarət tərəfdaşı olan ölkənin respublikamıza idxal edilən və ya idxal olunması nəzərdə tutulan qida və yem məhsuluna dair qüvvədə olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktının Azərbaycanda qüvvədə olan müvafiq texniki normativ hüquqi aktdan fərqli normalar və qaydalar müəyyənləşdirsə belə, milli texniki normativ hüquqi aktın tələb etdiyi sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsi şərtilə milli texniki normativ hüquqi akta bərabər tutulmasıdır.
Oxşar xəbərlər
AQTİS-də idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektronlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi sahəsində proseslərin daha səmərəli təşkili və göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə rəqəmsallaşma istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmətlərin göstərilməsi təmin olunur. İdxal olunan məhsullarla bağlı 8, ixrac əməliyyatları üzrə isə 4 növ elektron ərizə forması istifadəyə verilib. Rəqəmsallaşma tədbirləri nəticəsində idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektron müstəviyə keçirilib. Belə ki, sahibkarların müraciətlərinin təqdim edilməsi, müraciətlərin aidiyyəti struktur bölmələr tərəfindən emalı və yekun sənədin təqdim olunması mərhələlərinin hər biri artıq elektron qaydada həyata keçirilir. Elektron kabinet vasitəsilə sahibkarlar müraciətlərini onlayn qaydada təqdim edə, müraciətlərin icra vəziyyətini real vaxt rejimində izləyə, ödənişlər barədə məlumat əldə edə və ödənişləri elektron şəkildə həyata keçirə bilirlər. Prosesin yekununda formalaşdırılan sənəd sahibkarın elektron kabinetinə göndərilir və sistem üzərindən qurulmuş avtomatik inteqrasiya vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülür. Görülən işlər sahibkarlıq subyektləri üçün inzibati yükün azaldılmasına, insan amilinin minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ümumilikdə qida təhlükəsizliyi sahəsində idarəetmənin müasir tələblərə uyğun şəkildə qurulmasına xidmət edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəqəmsal transformasiya istiqamətində tədbirlərin mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Gürcüstandan və Türkiyədən idxal edilən toxumluq kartof məhv edilib
Nəzarət tədbirləri çərçivəsində “ROSTA M” MMC-nin Gürcüstandan idxal etdiyi 48750 kq və fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğlunun Türkiyədən idxal etdiyi 24800 kq toxumluq kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib. Yoxlama zamanı götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək məhv edilib.
İdxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində ölkəmizə "Vap Cate" MMC-nin Türkiyədən idxal etdiyi “Botafarma Sağlık Ürenleri Tic. Ve San. Ltd. Şti” müəssisəsinin istehsalı olan 504 ədəd “Terris Actıve, Tablet N 90” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (22.09.2025 - 22.09.2028-ci il istehsal və son istifadə tarixli, 501 partiya nömrəli) müayinələrə cəlb olunub. Sınaq nəticəsində məhsul partiyasında “vitamin B12” miqdarının normadan aşağı olduğu müəyyən olunub. Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qərar qəbul edilərək məhv edilib.
Giriş