Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı maarifləndirmə tədbirləri keçirilir
12 May 2023 11:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12 May-Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar bitkiçilik təsərrüfatlarında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Tədbirlər çərçivəsində 11 may 2023-cü il tarixində "Könüllü Qida Nəzarətçiləri" istixanalarda və müxtəlif bitkiçilik təsərrüfatlarında maarifləndirici görüşlər keçirib. Görüşlərdə könüllülər tərəfindən istixanalarda çalışan işçilərə virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bitki sağlamlığının və fitosanitar sabitliyin təmin olunmasında, eləcə də mövcud risklərin qarşısının alınmasında sahibkarların üzərinə böyük məsuliyyət düşür.
Görüşlər zamanı həmçinin istixana işçilərinə bitkilərə ciddi ziyan vuran virus xəstəliklərinə və həmin xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinə dair məlumatların əks olunduğu maarifləndirici bukletlər təqdim edilib. Qida təhlükəsizliyinin təmin olunmasında bitki sağlamlığının əhəmiyyəti diqqətə çatdırılıb.
Oxşar xəbərlər

AQTA Qurban bayramı ilə bağlı jurnalistlər üçün infotur təşkil edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib. Jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb. Bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-i isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək. “Azmeat” müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Vurğulanıb ki, işçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır. İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına baxış keçirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.