Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı maarifləndirmə tədbirləri keçirilir
12 May 2023 11:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12 May-Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar bitkiçilik təsərrüfatlarında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Tədbirlər çərçivəsində 11 may 2023-cü il tarixində "Könüllü Qida Nəzarətçiləri" istixanalarda və müxtəlif bitkiçilik təsərrüfatlarında maarifləndirici görüşlər keçirib. Görüşlərdə könüllülər tərəfindən istixanalarda çalışan işçilərə virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bitki sağlamlığının və fitosanitar sabitliyin təmin olunmasında, eləcə də mövcud risklərin qarşısının alınmasında sahibkarların üzərinə böyük məsuliyyət düşür.
Görüşlər zamanı həmçinin istixana işçilərinə bitkilərə ciddi ziyan vuran virus xəstəliklərinə və həmin xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinə dair məlumatların əks olunduğu maarifləndirici bukletlər təqdim edilib. Qida təhlükəsizliyinin təmin olunmasında bitki sağlamlığının əhəmiyyəti diqqətə çatdırılıb.
Oxşar xəbərlər

Binəqədidə saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaraqurbanlı Rəşad Xanlar oğluna məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb. İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki “LOT” kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati icraata başlanıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birlikdə ictimai müzakirəsi təşkil edilib. AQTA rəsmisi Elxan Mikayılov qeyd edib ki, yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsidir. Layihəyə əsasən, ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin də həmin reyestrə daxil edilməsi nəzərdə tutulur. Bildirilib ki, Qanun layihəsində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı, istehsalı, qablaşdırılması, etiketlənməsi, idxalı, ixracı, təkrar ixracı və dövriyyəsi ilə əlaqədar yeni müddəalar öz əksini tapıb, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə və qalıq miqdarına dövlət nəzarəti ilə bağlı xüsusi tələblər müəyyən edilib. Ümumilikdə, Qanun layihəsi çərçivəsində əhalinin sağlamlığının və ətraf mühitin qorunması istiqamətində zərərli orqanizmlərlə mübarizə zamanı kimyəvi mübarizəyə alternativ daha təhlükəsiz mübarizə üsullarının, xüsusilə də inteqrir mübarizənin tətbiqinə üstünlük verilməsi, bitki mühafizə vasitələrindən son həll yolu kimi istifadə edilməsi öz əksini tapıb. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.

Bitkiçilikdə qeydiyyat sahənin inkişafına təkan verəcək
AQTA tərəfindən bitki mənşəli məhsul istehsalı sahələrinin və ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir. Bitkiçilikdə qeydiyyat prosesinin həlli sahənin inkişafına təkan verəcək. Qeydiyyat təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınmadan və yə təsdiq olunmadan fəaliyyət göstərməsi qadağandır. Bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi olduqca sadə və sürətlidir. Belə ki, obyektlər hər hansı qiymətləndirmə aparılmadan qeydiyyata alınır. Eləcə də, bu qeydiyyat sahibkarlar qarşısında hansısa öhdəlik yaratmır. Prosesin əhəmiyyətli üstünlükləri də var: - qeydiyyat fermerlərə dəstək xarakterli olduğu üçün ödənişsizdir; - məhsulların xarici bazarlara çıxış imkanları artırılır; - əhalinin sağlam qida ilə təmin edilməsi məqsədilə təsərrüfatların sağlamlaşdırılması prosesində dövlət orqanının nəzarəti gücləndirilir; - torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır. Qeydiyyat prosesi ilə bağlı hazırladığımız videoçarxla linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/lrj1HcN9oOM