AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb
15 Oktyabr 2024 11:38
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir
Pivə nümunəsində həqiqi ekstraktivlik, gətirilmiş ekstraktivlik, sıxlıq və pH parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün 31 oktyabr 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən olunub. Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (www.afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.