AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlərə başlayır
14 İyul 2023 10:42
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlərə start verilir.
Təlimlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil ediləcək. Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir. AQTİ-də və ya ayrı-ayrı müəssisələrdə keçiriləcək təlimlərdə sahibkarlıq subyektlərinin əməkdaşları sanitar-gigiyenik normalarla bağlı nəzəri və praktik biliklərini artıra biləcəklər. Həmçinin onlar qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə dair müvafiq qaydalarla tanış olmaq imkanı qazanacaqlar. Təlimlər çərçivəsində iştirakçıların qiymətləndirilməsi də aparılacaq və onlara sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, bu təlimlər müəssisələrin fəaliyyətinin sanitariya-gigiyena qaydalarına uyğun təşkil olunmasına və nöqsanların mimimuma endirilməsinə şərait yaradacaq. Eyni zamanda müəssisələrdə baş verə biləcək qida xəstəlikləri və zəhərlənmələrinin, eləcə də bu kimi digər xoşagəlməz halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə imkan verəcək.