Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur
13 Dekabr 2024 17:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin ərizəsinin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur. Qiymətləndirmə zamanı aşkarlanmış uyğunsuzluqlar infrastruktur və avadanlıqla əlaqəli olmadığı, həmçinin təhlükəli qida və yem məhsullarının istehsalına və emalına şərait yaratmadığı halda isə qida obyekti uyğunsuzluqların 90 təqvim günündən gec olmayaraq aradan qaldırılması şərtilə təsdiq edilir.
Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün Agentliyə müraciət edilməlidir.
Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida obyektinin təsdiq olunması ilə bağlı Reyestdən çıxarış üçün iri və orta sahibkarlıq subyektlərinə münasibətdə dövlət rüsumunun ödənişi nəzərdə tutulub. Qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) isə dövlət rüsumundan azaddır.
Məlumat üçün bildiririk ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Sahibkarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektlərinin siyahısı, eləcə də digər məsələlər barədə məlumat əldə etmək üçün Agentliyin “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.