Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir Pivə nümunəsində həqiqi ekstraktivlik, gətirilmiş ekstraktivlik, sıxlıq və pH parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün 31 oktyabr 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən olunub. Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (www.afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır. Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bioloji aktiv qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) və GMO-lu yem məhsullarının, təbii mineral suların, qida və yem əlavələrinin və yeni növ qida məhsullarının qeydiyyatını aparmaq istəyən sahibkarlara müraciət ünvanlayıb. Bildirilir ki, adıçəkilən məhsulların qeydiyyatı zamanı ekspertiza üçün tələb olunan sənədlər və laborator müayinələr aparmaqdan ötrü lazım olan nümunələr AQTİ-yə təqdim edilməlidir. Sahibkarlar bu barədə daha ətraflı məlumata sahib olmaq və maraqlandıqları suallara cavab almaq üçün (012) 377-00-20 (daxili:453) nömrəli telefona zəng edə bilərlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözügedən məhsulların qeydiyyatını həyata keçirir. Agentlik tərəfindən qeydiyyata alındıqdan sonra bu məhsulların ölkə ərazisində istehsalına, emalına, idxalına və dövriyyəsinə icazə verilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qeydiyyatın aparılmasında məqsəd istehsal, emal və satış prosesindən əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyənləşdirilməsindən ibarətdir.