AQTA sədri Qoşqar Təhməzli “Azərbaycan Halal Biznes və Turizm Forumu”nda iştirak edib
8 Oktyabr 2024 18:03
Bakıda ilk dəfə olaraq “Azərbaycan Halal Biznes və Turizm Forumu” keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ikigünlük Forum çərçivəsində təşkil olunan “Halal standartlaşma: problemlər və çətinliklər” adlı sessiyada çıxış edib.
Q.Təhməzli bildirib ki, hazırda qlobal halal sənaye böyüməkdə davam edir. Respublikamızda da bu istiqamətdə mühüm işlər görülür. Artıq halal sertifikatlaşma prosesinin dörd kateqoriya üzrə aparılacağı müəyyənləşib. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal olunmuş məhsullar üzrə təşkil ediləcək. Həmçinin müraciət prosesinin asanlaşdırılması məqsədilə də artıq müvafiq işlərə başlanıb. İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Eyni zamanda halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir. Bununla yanaşı, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib. Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində müvafiq standart (“OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər”) üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.
Daha sonra AQTA sədri Forum çərçivəsində təşkil edilən sərgidə quraşdırılan stendlərlə tanış olub.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, İslam Ticarət və İnkişaf Palatası və İslam Biznesi Assosiasiyasının dəstəyi ilə keçirilir. Forumun təşkil olunmasında əsas məqsəd hər il artan qlobal halal sənayenin potensialından həm ixracın artırılması, həm də sərmayələrin cəlb edilməsi baxımından ölkə iqtisadiyyatının bəhrələnməsinə töhfə verməkdən ibarətdir.