AQTİ “Azərbaycan Halal Biznes və Turizm Forumu” çərçivəsində təşkil olunan sərgidə iştirak edir
8 Oktyabr 2024 18:38
Bakıda ilk dəfə keçirilən “Azərbaycan Halal Biznes və Turizm Forumu” çərçivəsində təşkil edilən sərgidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) stendi quraşdırılıb.
Stenddə halal sertifikatlaşmaya dair İnstitut tərəfindən hazırlanan bukletlər və “HALAL” uyğunluq sertifikatının nümunələri nümayiş olunur. Həmçinin iştirakçılara halal sertifikatlaşma ilə bağlı ətraflı məlumat verilir. Bildirilir ki, ölkəmizdə halal sertifikatlaşma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil olunacaq. Həmçinin innovativ həllərin tətbiqi ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr də formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir. Bununla yanaşı, İnstitutun “HALAL” uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumuna müraciət edib. Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində “OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər” standartı üzrə sertifikatlaşma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib.
Qeyd edək ki, AQTİ-nin stendi ilə sərginin keçirildiyi oktyabrın 8-i və 9-u tarixlərində tanış olmaq mümkündür.