Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun (RMQ) növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Türkiyə, Rusiya, İran və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar. AQTA sədrinin müavini Balarəhim Quliyev çıxışında ölkəmizdə heyvan sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib. Eyni zamanda, əvvəlki illərdə qazanılmış atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliklərindən azad statusu da qorunub saxlanılır. Çıxış zamanı region üçün ciddi epizootoloji risk yaradan dabaq xəstəliyi ilə mübarizə sahəsində görülən işlərə toxunulub. Bildirilib ki, Azərbaycanın Dabaq Xəstəliyi üzrə Ölkə Nəzarət Proqramı qəbul edilib və ölkə Mərhələli Nəzarət Proqramı (PCP-FMD) çərçivəsində 3-cü səviyyəyə yüksəlib. Balarəhim Quliyev Azərbaycanın 2027-ci ilədək Dabaq üzrə Regional Məsləhət Qrupuna sədrlik edəcəyini bildirərək, üzv ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzvlüyü çərçivəsində transsərhəd heyvan xəstəliklərinə qarşı hazırlıq və nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb. İclasda regionda dabaq, xırdabuynuzlu heyvanların taunu və digər transsərhəd heyvan xəstəlikləri üzrə mövcud epizootoloji vəziyyət müzakirə olunub. Həmçinin bu xəstəliklərə qarşı profilaktika və nəzarət tədbirlərinin gücləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və epizootoloji sabitliyin qorunması istiqamətində prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhlükəsiz qidanın memarlığı” mövzusuna həsr olunmuş konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, memarlar, şəhərsalma üzrə mütəxəssislər, qida sənayesi təmsilçiləri və AQTA yanında Məşvərət Şurasının üzvləri iştirak ediblər. Konfransın keçirilməsində məqsəd qida zənciri obyektlərinin milli və beynəlxalq standartlara uyğun olaraq planlaşdırılması, layihələndirilməsi və tikintisi ilə bağlı ən yaxşı təcrübələrin müzakirəsini və təşviqini təmin etməkdir. Tədbirin rəsmi hissəsində Agentliyin sədri Qoşqar Təhməzli qonaqları və iştirakçıları salamlayaraq, dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin xüsusi rol oynadığını vurğulayıb. O qeyd edib ki, əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı ölkə rəhbərliyi tərəfindən əsas strateji prioritetlərdən biri kimi müəyyən olunub. Bildirilib ki, bu kontekstdə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi vahid və məqsədyönlü yanaşmanın mühüm tərkib hissəsidir. Q. Təhməzli çıxışında AQTA-nın fəaliyyətində qlobal çağırışlara çevik uyğunlaşmanın təmin edilməsi, eləcə də şəhərsalma proseslərinə töhfə verilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, qida təhlükəsizliyi sahəsində müasir yanaşmaların tətbiqinin şəhər mühitinin sağlam və dayanıqlı inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycanda memarlıq və şəhərsalma sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, şəhərlər sosial infrastruktur, təhsil, səhiyyə, nəqliyyat və məşğulluq imkanlarına görə daha cəlbedicidir. Bu isə urbanizasiya məsələsini qlobal çağırışa çevirir. Əməkdar memarın sözlərinə görə, Azərbaycanda urbanizasiya ilə bağlı məsələlərin həlli istiqamətində ciddi işlər görülür. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin digər bölgələrində də geniş quruculuq və abadlıq işləri aparılır, sosial və iqtisadi infrastruktur yaradılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq kontekstində belə bir konfransın təşkilini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra konfrans plenar hissə və panel iclaslarla davam edib. Konfrans çərçivəsində təhlükəsiz qida mühitinin formalaşdırılmasında memarlıq və şəhərsalmanın rolu, müasir yanaşmalar və beynəlxalq təcrübə, eləcə də bu sahədə qarşıda duran çağırışlar müzakirə olunacaq.
6–8 aprel tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən təşkil olunan “I Beynəlxalq Halal Akkreditasiya Konfransı” keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunu (AQTİ) İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov təmsil edib. Konfrans çərçivəsində halal akkreditasiya sistemlərinin inkişafı, uyğunluğun qiymətləndirilməsi mexanizmləri, beynəlxalq standartların tətbiqi, eləcə də bu sahədə qarşılıqlı tanınma və əməkdaşlıq imkanları müzakirə olunub. Üç gün davam edən konfransın proqramına uyğun olaraq müxtəlif ölkələrin akkreditasiya qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və sahə üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, panel müzakirələri təşkil olunub. Tədbir çərçivəsində halal akkreditasiya sahəsində mövcud çağırışlar, texniki yanaşmalar və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. AQTİ nümayəndəsi konfrans müddətində beynəlxalq tərəfdaşlarla görüşlər keçirib, Azərbaycan təcrübəsi və ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Eyni zamanda, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və yeni əlaqələrin qurulması istiqamətində addımlar atılıb. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ilin oktyabr ayında Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bu akkreditasiya ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləməklə yanaşı, yerli məhsulların ixrac potensialının artırılmasına və qlobal bazarlara çıxış imkanlarının genişlənməsinə töhfə verir. AQTİ-nin bu kimi beynəlxalq platformalarda fəal iştirakı qurumun institusional potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin ölkəmizə tətbiqi və halal infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin davamlılığını təmin edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc insanlara qarşı törədilən misli görünməmiş qətliamdan bəhs edib. O bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir. Sədr müavini Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Xocalının azad olunmasını tarixi ədalətin bərpası kimi dəyərləndirib, Xocalı sakinlərinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunduğunu, şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən, o cümlədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qanlı faciə zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sovet ordusunun Bakıda törətdiyi qəddarlıq və görünməmiş vəhşiliklərdən danışılıb. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. Ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan oğul və qızlarımızın şücaəti daim yüksək qiymətləndirilir, xatirəsi hər zaman uca tutulur. Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə ADA Universitetinin “Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsi”nin tələbələri ilə görüş keçirilib. Görüşdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində görülən işlər barəsində geniş məlumat verilib, təqdimatlar nümayiş etdirilib. Eyni zamanda Agentliyin tabeliyində Qida Təhlükəsizliyi İnstitutunun, habelə “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. İştirakçılara işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib, tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
10–14 noyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa Komissiyasının Dabaq üzrə ofisinin birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatı/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taun xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə Yol Xəritəsi” mövzusunda beynəlxalq tədbir keçirilir. Tədbirdə ölkəmizi Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev və Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun baş məsləhətçisi Natiq Cavadov təmsil edir. Xırdabuynuzlu heyvanların taun və dabaq xəstəliklərinə qarşı birgə mübarizə, peyvəndləmə strategiyalarının təkmilləşdirilməsi, laborator və nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də transsərhəd əməkdaşlıq və regional strategiyaların uyğunlaşdırılması məsələləri tədbirin müzakirə mövzularındandır. Qeyd edək ki, bu təşəbbüs 2030-cu ilədək xırdabuynuzlu heyvanlarda taunun tam ləğvi və dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi üzrə qlobal hədəflərə nail olmaq məqsədi daşıyır.
Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətimizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünü qeyd edir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşlarla birgə 8 Noyabr- Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Agentlikdə təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan ordusunun şücaətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, 2020-ci ilin 8 noyabrında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın tacı olan Şuşa şəhərini işğaldan azad edib. Bu tarixi Qələbə ilə 30 ilə yaxın davam edən ədalətsizlik və işğal dövrünə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb. Tədbirdə Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər və göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Paytaxt Varşava şəhərində Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Tədbirdə AQTA və Polşanın müvafiq qurumları arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi və davam etdirilməsi barədə razılıq əldə olunub. İclas zamanı həmçinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar. Memorandumun məqsədi heyvan və ictimai sağlamlığın qorunması istiqamətində birgə səylərin gücləndirilməsi, yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması və bu sahədə qarşılıqlı əlaqələrin inkişafını təmin etməkdir. Sənədin imzalanması dövlət baytarlıq nəzarəti, heyvan və heyvan mənşəli məhsulların ticarəti, xəstəliklərin profilaktikası, məlumat və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahələrində birgə fəaliyyət üçün yeni imkanlar yaradacaq.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Avropa İttifaqının və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir. Tədbirin əsas məqsədi sözügedən platforma üzrə 2024–2026-cı illər üçün nəzərdə tutulmuş 4-cü Fəaliyyət Planının əvvəlki iclaslarda qəbul edilmiş qərarlarının icrasını nəzərdən keçirmək və növbəti fəaliyyət planının prioritetlərini müəyyənləşdirməkdir. AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva regionda heyvan rifahı sahəsində milli və beynəlxalq aktorları bir araya gətirmək baxımından iclasın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Agentlik həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində intensiv işlər aparılır. AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, ÜHST-nin Avropa üzrə Regional Komissiyanın vitse-prezidenti Qalib Əbdüləliyev Azərbaycanda vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər barədə məlumat verib. Q.Əbdüləliyev qeyd edib ki, görülən işlərin nəticəsində ölkəmiz 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. ÜHST-nin Parisdə yerləşən Baş Qərargahı, Brüsseldə və Tokioda yerləşən regional ofisi, Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğunun əməkdaşları və Portuqaliya, İtaliya, İsrail, İsveçrə Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda heyvanların kəsilməsi, sahibsiz itlərin populyasiyasının idarə edilməsi, heyvanların nəqli, təbii fəlakətlərin idarə edilməsi və işlək atkimilərin rifahı kimi məsələlər müzakirə olunur.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmiz beynəlxalq miqyasda tanınmış ərazilərinin 30 illik işğalına son qoydu və ərazi bütövlüyünün bərpasını təmin etdi. Tədbirdə Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər.
Sentyabrın 5-də Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası keçirilib. İclasdan sonra “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı” və digər sənədlər imzalanıb. Budapeştdə keçirilən XI iclasın iki ölkənin ticarət, biznes, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti yüksək dəyərləndirilir.
Giriş