Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
21 Mart 2025 11:16

Novruz süfrəsi bol çeşidli yemək və şirniyyatlarla zəngindir. Bayramın ənənəvi yeməkləri çox zəngin və kalori baxımından yüksək olur, buna görə də balanslı qidalanmaq çox önəmlidir.
Bayram günlərində qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər.
Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran mövsümi tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır.
Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin. Bayram günlərində yemək və salatların hazırlanmasında daha geniş istifadə olunan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür.
Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ və şəkər səbəbindən yüksək kalorili qidalardır. Xörəklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi çəkinin artmasına səbəb olur. Bu şirniyyatlarla bərabər çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır.
Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir. Çünki doyma siqnalı beynə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma həddindən artıq qida qəbulunun qarşısını alır.
Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur.
Bayram günlərində fiziki aktivliyin yüksək olması da düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.
