AQTA ilə İranın Baytarlıq Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
30 Aprel 2025 10:41

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İran Baytarlıq Təşkilatı arasında “Transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) Fərzanə Sadiq imzalayıblar.
Memoranduma əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İran İslam Respublikasının Baytarlıq Təşkilatı dövlət sərhədlərinə bitişik ərazilərdə transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üzrə birgə fəaliyyət göstərəcək, regionda yoluxucu heyvan xəstəliklərinin törətdiyi epizootoloji gərginliyin artması fonunda hər iki dövlətin əhalisinin və ətraf mühitinin bioloji təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər icra edəcəklər.
Anlaşma Memorandumu çərçivəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinə bitişik ərazilərdə epizootiya əleyhinə, o cümlədən nəzarət, peyvəndləmə, monitorinq və sair birgə tədbirlərin təşkili təmin ediləcək. Həmçinin sərhəddə baytarlıq nəzarəti tədbirlərinin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Memorandumda bundan başqa, qeyd edilən sahələr üzrə AQTA ilə İranın Baytarlıq Təşkilatı nümayəndələrindən və ekspertlərdən ibarət işçi qrupların yaradılması, birgə tədqiqatların aparılması, heyvan xəstəliklərinin laboratoriya diaqnostikası üzrə birgə təlim və məşqlərin keçirilməsi, məlumat mübadiləsinin aparılması, görüşlərin təşkili kimi məsələlər öz əksini tapıb.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

İdxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Besting" MMC-nin Rusiyadan idxal etdiyi “Orsk Süd Məhsulları” şirkətinin istehsalı olan 1593 kq qatılaşdırılmış süd məhsulundan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində tərkibində istifadəsinə icazə verilməyən qida əlavəsi (benzoy turşusu) aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

İyunun 1-i Ümumdünya Süd Günüdür
İyunun 1-i Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təsis edilib. Məqsəd südün və süd məhsullarının insan sağlamlığındakı rolunu vurğulamaqdır. Süd insan sağlamlığı üçün çox faydalı qida məhsuludur. Onun tərkibində bədən üçün vacib olan bir çox vitamin və mineral mövcuddur. Xüsusilə uşaqların inkişaf dövründə və yaşlı insanların sümük sağlamlığını qorumaq üçün südün mütəmadi qəbulu tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana südü yalnız qida deyil, həm də körpənin immunitet sistemini gücləndirən, onu müxtəlif infeksiyalardan qoruyan bir maddədir. Ana südünün tərkibi körpənin ehtiyaclarına tam uyğun gəlir və bənzərsiz bioloji struktura malikdir. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində körpənin ilk və ən vacib qidası olan “Möcüzəvi qida - Ana südü” mövzusunda müxtəlif maarifləndirici tədbirlər davam etdirilir.