AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib
11 Fevral 2025 09:27

Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-yə çatdırılıb.
Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır.
Bununla bağlı Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Həmçinin bildirilir ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Beynəlxalq tədbir zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkəmizin ev sahibliyi edəcəyi III MDB oyunlarının keçirilməsi zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərinin nümayəndələri ilə onlayn görüş keçirib. Görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib. İştirakçılar Agentlik tərəfindən hazırlanmış “III MDB oyunları tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat” barədə məlumatlandırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.