Azərbaycanda qida nəzarəti sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir
2 Noyabr 2023 09:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində AQTA tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” layihəsi həyata keçirilir. Qida nəzarəti sistemini daha da təkmilləşdirmək üçün mövcud ehtiyacları müəyyənləşdirmək və bu sistemin davamlı inkişafını təmin etmək məqsədilə reallaşdırılan layihə çərçivəsində görülən işlərin davamı olaraq, qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasilenko, qida nəzarəti üzrə beynəlxalq ekspert Nilay Demir və FAO-nun Avropa ofisində qida təhlükəsizliyi üzrə məsləhətçi Gökçe Akbalık Azərbaycana səfər edib. Səfər ölkəmizdə qida nəzarəti sisteminin daha da təkmilləşdirilməsinə dair beynəlxalq ekspertlərə təqdim olunmuş məlumatların qiymətləndirilməsi məqsədilə həyata keçirilib.
Səfər çərçivəsində qonaqlar AQTA, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin layihə ilə bağlı təyin edilmiş əlaqələndirici şəxsləri ilə görüşəcəklər. Eyni zamanda onlar Agentliyin regional bölməsində olacaq, sərhəd keçid məntəqəsində qida məhsullarının idxalı və ixracı proseslərini izləyəcəklər.
Qeyd edək ki, qida nəzarəti sisteminin fəaliyyətinin beynəlxalq ekspertlər tərəfindən hərtərəfli qiymətləndirilməsi təkmilləşdiriləcək prioritet sahələri müəyyənləşdirməyə və gözlənilən nəticələrə nail olmaq üçün ardıcıl işləri planlaşdırmağa kömək edəcək. Həmçinin ticarət əlaqələrini yaxşılaşdırmağa imkan verəcək.