“Bitki sağlamlığı haqqında” yeni qanun lahiyəsinin ictimai müzakirəsi davam etdirilir
14 Aprel 2025 16:35

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb və hazırda qanunun ictimai müzakirəsi həyata keçirilməkdədir. Bu çərçivədə aprelin 15-i Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası, 16-sı isə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə ictimai müzəkirələrin keçirilməsi planlaşdırılır.
Məqsəd ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Yeni qanun 10 fəsil 46 maddədən ibarətdir.
Qanun layihəsi Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən, ölkə ərazisinə idxal olunmuş bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına, habelə onların ilkin istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə, habelə onların istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı, satışı, istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil edilir.
Layihədə bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına (emalına), dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və bitki sağlamlığı sahəsində maliyyələşdirmə ilə bağlı müddəalar nəzərdə tutulub.
Layihəyə əsasən ölkə üzrə Bitki Sağlamlığı Reyestri yaradılacaq. Həmin reyestrə qeydiyyata alınmış bitkiçilik subyektləri və (və ya) onların obyektləri, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlər və onların obyektləri, qeyri-dövlət fitosanitar xidmətlərini həyata keçirən subyektlər daxil ediləcək. Qeydiyyata alınmış subyekt və (və ya) onların obyektlərinə Bitki Sağlamlığı Reyestrindən çıxarış veriləcək. Eyni zamanda bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına daxili karantin aktı, əkin və səpin materiallarına idxal karantin rəyi, karantin nəzarətində olan materiallara, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə idxal sağlamlıq aktının verilməsi ilə bağlı icazə sənədlərinin verilməsi nəzərdə tutulub.
Bundan başqa, layihədə bitki, bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi məqsədilə “zərərli orqanizmlərdən azad zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə bağlı müddəalar daxil edilib.
