BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub
20 Fevral 2024 16:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.
Bu çərçivədə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva da kampaniyaya qoşulub. V.Andreyeva Agentliyin “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına dəstək olaraq etdiyi videomüraciətdə vurğulayıb ki, şəkərin normadan artıq qəbul olunması insanların sağlamlığı üçün təhlükə yaradır. Bu hal müxtəlif xəstəliklər əmələ gətirir. Buna görə də hər kəs şəkər və tərkibində şəkər olan məhsullar qəbul edərkən diqqətli olmalıdır. Şəkərli içkilər sərin su, şirniyyatlar meyvə ilə əvəzlənməli və digər müvafiq addımlar atılmalıdır. Şəkər qəbulunun azaldılmasının insan sağlamlığına müsbət təsir göstərdiyini önə çəkən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi hər kəsi kampaniyaya qoşulmağa, istehlak edilən şəkərin miqdarını azaltmağa, daha sağlam və təhlükəsiz yaşamağa səsləyib.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.
▶ BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyevanın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulmasına dair videomüraciəti