“Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlərə start verilib
2 Aprel 2024 16:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası davam edir. Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, AQTA bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin kampaniya çərçivəsində təhsil müəssisələrində görüşlərin keçirilməsinə başlanıb.
Bu çərçivədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 69, 117, 174 və 183 nömrəli körpələr evi-uşaq bağçalarında ilk görüşlər təşkil edilib. Tədbirlərdə AQTİ-nin mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri" və "Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar olunub. Eyni zamanda uşaqlarla interaktiv oyunlar keçirilib, onlara döş nişanları verilib, stikerlər paylanıb.
Qeyd edək ki, kampaniya çərçivəsində ilkin mərhələdə, ümumilikdə 5 məktəbəqədər, 5 ümumi və 5 ali təhsil müəssisəsində görüş keçiriləcək. Eyni zamanda iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulacaq. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Bu tədbirlərin yekunu olaraq, aprelin 26-da AQTİ-də "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Onu da bildirək ki, “Şəkəri azalt, ömrünü uzat” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.