AQTA sədri Qoşqar Təhməzli və kənd təsərrüfatı naziri İnam Kərimov Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko ilə görüşüblər
2 İyun 2021 11:22
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdikləri nümayəndə heyəti Belarus Respublikasının paytaxtı Minskə səfər edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minskdə keçirilən “Belaqro-2021” 31-ci Beynəlxalq İxtisaslaşmış Sərgisinin açılış mərasimində iştirak edib.
1-5 iyun tarixlərində Minskdə keçiriləcək aqrosənaye həftəsi çərçivəsində Çin-Belarus Sənaye Parkında təşkil olunmuş “Belaqro” sərgisinə 16 ölkədən, o cümlədən Rusiya, Böyük Britaniya, Fransa, Niderland, İtaliya, Litva, Çin, İordaniya və digər ölkələrdən 400-dən çox şirkət qatılıb. Sərginin açılış mərasimində Belarus Baş nazirinin müavini Aleksandr Subbotin və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin üzvləri iki pavilyonda və açıq havada nümayiş olunan ekspozisiyada təqdim edilən kənd təsərrüfatı məhsulları və texnikası, o cümlədən pilotsuz kənd təsərrüfatı sistemləri ilə tanış olub, heyvandarlıq və əkinçilik sahəsində innovasiyalara dair stendlərdə sərgilənən yeniliklərlə maraqlanıblar.
Daha sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və kənd təsərrüfatı naziri İnam Kərimov Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko ilə görüşüblər. Görüşdə Azərbaycan ilə Belarus arasında aqrar sahədə strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər iki ölkənin baytarlıq nəzarəti sistemlərinin inteqrasiyası, bu sahədə kadr hazırlığı, birgə elmi-tədqiqat işlərinin aparılması, kənd təsərrüfatı və ərzaq məhsullarının qarşılıqlı ixracı və digər məsələləri nəzərdən keçiriblər.
Nazir İvan Krupko Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu ilin aprel ayında Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçıları Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə məsələləri ətraflı müzakirə ediblər. Gələcəkdə Qarabağda kənd təsərrüfatının inkişafında Belarusun aqrar sahədəki təcrübəsindən, xüsusilə aqroşəhərciklərin yaradılması təcrübəsindən istifadə olunması mümkündür.
Görüşdə iki ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə Fəaliyyət Planının hazırlanması, bununla bağlı Azərbaycan və Belarusun müvafiq qurumlarının təmsilçilərindən ibarət işçi qrupunun formalaşdırılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Belarusun “Snov” Aqrokombinatında, “Qritskeviçi”, “Novaya jizn” ASC-lərində, Nesvij Uşaq Qidaları zavodunda və digər sənaye müəssisələrində olub.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş