AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb
17 Mart 2023 14:51
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu il yanvarın 1-dən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir.
Bu çərçivədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Danone” MMC-nin sifarişi əsasında Rusiya Federasiyasının Çexov şəhərində yerləşən АО “Данон Россия” adlı süd məhsulları istehsalı müəssisəsində qiymətləndirmə fəaliyyəti həyata keçirilib.
Qiymətləndirmə zamanı qeyd edilən təsərrüfatın fəaliyyətini tənzimləyən sənədlər, təsərrüfatın ümumi baytarlıq və sanitariya vəziyyəti, süd emalı, saxlanma sahələri və onların şəraiti, sanitar-epidemioloji normaların təsərrüfatda tətbiq vəziyyəti yoxlanılıb və təhlil olunub.
Qiymətləndirmə qrupuna təqdim edilən sənədlərə əsasən müəyyən olunub ki, təsərrüfatın baytarlıq və sanitariya vəziyyəti əlaqədar yerli dövlət qurumu tərəfindən il ərzində mütəmadi olaraq planlı şəkildə yoxlanılıb. Müəssisə tərəfindən istehsal edilən bütün hazır məhsulların il ərzində 1 dəfədən az olmayaraq beynəlxalq akkreditasiyalı laboratoriyalarda və “Federal baytarlıq və fitosanitar nəzarəti” qurumu tərəfindən müayinələri aparılıb. Müayinə nəticələri isə uyğun olub. Eyni zamanda müəssisənin qiymətləndirilməsi zamanı yüksək risk kəsb edən çatışmazlıqlar müşahidə olunmayıb. Həmçinin müəyyən edilib ki, müəssisədə beynəlxalq ISO FSSC 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 standartları mövcuddur. Müəssisədə 5S standartının şərtləri də bütünlüklə tətbiq olunub. Bu idarəetmə sistemlərinin mövcudluğu və tətbiqi isə süd məhsullarının xammaldan istehlakçıya qədər tam izlənilməsini təmin edir. Eləcə də məlum olub ki, müəssisəyə xammal və xidmət tədarük edən şirkətlərin təsdiqli “Tədarükçü Siyahısı” yaradılıb. Bu siyahı əsasında tədarükçülərin risk qiymətləndirilməsi və mütəmadi olaraq yoxlanılması həyata keçirilir.
Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq, АО “Данон Россия” təsdiq edilib və həmin müəssisədə istehsal olunan süd məhsullarının ölkəmizə idxalına icazə verilib.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanun bu il yanvarın 1-dən qüvvəyə minib. Qanun ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.