Ev şəraitində qida məhsullarının saxlanma qaydasına düzgün şəkildə əməl olunmalıdır
22 İyul 2024 11:34
Qida zəhərlənməsi mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qidaların istehlakı nəticəsində baş verir. Qida məhsullarının saxlanması zamanı müvafiq qaydalara əməl olunmadıqda çirklənmə baş verə bilər. Çarpaz çirklənmə qida zəhərlənməsinin ən çox yayılmış səbəblərindən biridir. Qida məhsullarına müxtəlif çirkləndiricilərin sirayət etməsi ilkin istehsaldan istehlakçıya çatdırılana qədər qida zəncirinin müxtəlif mərhələlərində baş verə bilər. Mikroorqanizmlər qida məhsullarında 5°C - 60°C temperatur aralığında çoxalıb yayıldığından bu interval “təhlükəli zona” adlandırılır. Yay aylarında temperaturun yüksək olması səbəbindən mikroorqanizmlərin yayılmasına daha əlverişli şərait yaranır. Belə məhsullara ilk növbədə tez xarab olan ət və ət məhsulları, süd və süd məhsulları, kremli - qənnadı məmulatlar və digər qidalar aid edilir. Hazır qida məhsullarının saxlanması zamanı sanitar-gigiyenik tələblərin pozulması bu mikroorqanizmlərin intensiv inkişafı və qida zəhərlənmələrinin baş verməsi üçün əlverişli şərait yaradır.
Qidadan zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün evdə qidaların saxlanılması zamanı müəyyən qaydalara əməl edilməlidir. Heyvan mənşəli qidalar, xüsusilə balıq məhsullarının bişirilməsi və saxlanılması prosesində müvafiq temperatur rejimi gözlənilməlidir. Qidaların soyuq mühitdə soyuducularda saxlanması, üstünlük verilən praktiki və düzgün saxlama üsuludur. Soyuducunun temperaturunu 1 - 4°C arasında saxlamaq məsləhət görülür. Hazır və çiy qidaların ayrı-ayrı rəflərdə saxlanması çirklənmənin qarşısını alır. Eyni zamanda, soyuducunun içindəki havanın asanlıqla sirkulyasiya etməsi üçün rəflərin çox dolu olmamasına diqqət yetirilməlidir. Hazır yeməkləri soyuducudan kənarda iki saatdan artıq saxlamaq tövsiyə olunmur. Eyni zamanda temperatur və rütubət nəzərə alınmalıdır. Qidalar bişdikdən sonra yalnız bir dəfə qızdırıla və ya dondurula bilər.
Oxşar xəbərlər
Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Göyçay rayonunda yerləşən, fiziki şəxs Qəribov Məhəmmədəli Mahmud oğluna məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Daha bir şirniyyat emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Hüseyn oğluna məxsus şirniyyat emalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların istehsal sahəsində saxlandığı aşkarlanıb. Satışdan geri qaytarılmış məhsulların (pryaniklər) üyüdülərək yenidən unlu qənnadı məmulatları istehsal edib satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhdudlaşdırıcı tədbirlər görülüb.
Qida təhlükəsizliyi tələblərinə əməl etməyən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən kafedə Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı kafenin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ tələblərin ciddi şəkildə pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, kafenin fəaliyyəti məhdudlaşdırılıb.