İctimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri davam edir
9 Fevral 2021 16:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri davam etdirilir və aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandıqda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl edilməlidir. Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. İşçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalı, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Eyni zamanda qanunvericiliyə əsasən, hər bir ictimai iaşə müəssisəsində daxili qaydada məsul şəxs təyin olunmalı və həmin şəxs tərəfindən pandemiya dövrünün tələblərinə uyğun qaydalara müəssisə daxilində əməl olunması təmin edilməlidir. Məsul şəxs Agentliklə daimi əlaqədə operativ idarəetməni təşkil etməlidir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində fəaliyyət göstərən, Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.