İctimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri davam edir
9 Fevral 2021 16:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri davam etdirilir və aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandıqda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl edilməlidir. Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. İşçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalı, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Eyni zamanda qanunvericiliyə əsasən, hər bir ictimai iaşə müəssisəsində daxili qaydada məsul şəxs təyin olunmalı və həmin şəxs tərəfindən pandemiya dövrünün tələblərinə uyğun qaydalara müəssisə daxilində əməl olunması təmin edilməlidir. Məsul şəxs Agentliklə daimi əlaqədə operativ idarəetməni təşkil etməlidir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş