Ölkəmizin qida təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların internet resurslarında
9 Fevral 2024 10:33
Qida, qida istehsalı, etiketlənməsi və təhlükəsizliyi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan beynəlxalq səviyyədə tanınmış standartların, təlimatların və digər tövsiyələrin əks olunduğu Kodeks Alimentarius sisteminin müxtəlif ölkələrdə qurulmasına kömək edən Kodeks Etimad Fondu (Codex Trust Fund - CTF) tərəfindən Azərbaycanla bağlı videoçarx hazırlanıb.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsindəki vəziyyətə həsr olunan videoçarx “Yeni videolar Kodeks Etimad Fondunun təsirlərini nümayiş etdirir” sərlövhəli məqalə ilə birlikdə Kodeks Alimentariusun veb-saytında yayımlanıb. Beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən hazırlanmış videoçarx, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yutub səhifəsində yerləşdirilib.
Bildirilib ki, Azərbaycanda qida məhsulları təhlükəsizdir. İnsanlar inamla qida istehsal edir, alır və yeyir. Yüksək texnologiya və standartların tətbiqi nəticəsində ölkə inkişaf etmiş qida zəncirinə malik olub. Belə nəticə dövlətin qida təhlükəsizliyinin təkmilləşdirilməsi və xaricə ixrac etməkdən ötrü yüksək keyfiyyətli məhsulların təşviqi üçün göstərdiyi səylərin sayəsində əldə olunub.
Eyni zamanda vurğulanıb ki, 2018-ci ildə AQTA-nın yaradılması ilə qidaya nəzarət sistemi gücləndirilib. Hazırda ölkədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar getdikcə Codex Alimentarius beynəlxalq standartlarına uyğunlaşdırılır. 2023-cü il yanvar ayının 1-dən “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə minib. Bu Qanunda əksini tapmış əsas məsələlərdən biri də qida gigiyenası ilə əlaqəli olan Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) ilə bağlıdır. Eləcə də beynəlxalq standartların tətbiqi ilə ölkənin ixrac potensialı getdikcə artır.
“Azərbaycanda Qida Təhlükəsizliyi sistemi tam vahid şəkildə formalaşmışdır. Bu da ixrac potensialının artması, istehlakçı hüquqlarının müdafiəsi, heyvan və bitki sağlamlığı, habelə qida və yem məhsullarının təhlükəsizliyi üçün əsas təminatdır” – deyə, ölkəmizlə bağlı yer alan videoçarx və müvafiq məqalədə vurğulanır.
Xatırladaq ki, AQTA-nın CTF-lə əməkdaşlığı çərçivəsində 2023-cü ilin sentyabrında Bakıda “Qida standartları həyatları xilas edir” mövzusunda Agentliyin 5 illiyinə və Kodeks Alimentarius Komissiyasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu əməkdaşlıqla əlaqədar digər layihələr də həyata keçirilib, təcrübə mübadilələri aparılıb və nailiyyətlər əldə olunub.
Kodeks Alimentariusun veb-saytında yayımlanan müvafiq məqalə və videoçarxın linki, həmçinin ÜST-nin yutub səhifəsində yerləşdirilən videoçarxla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
https://www.fao.org/fao-who-codexalimentarius/news-and-events/news-details/en/c/1676764/
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.